Sosial Özəl

Avtobus sürücüsünün çörəyi və "Arzum"un duaları

Avtobus sürücüsünün çörəyi və Arzumun duaları

Cəmiyyət yenə özünə saxta qəhrəmanlar tapıb. Sosial şəbəkələrdə "Arzum" ləqəbi ilə tanınan şəxsin azadlığa çıxmasını toy-bayram edirlər. Millət sanki milli qəhrəman qarşılayır. Biri onun ev dustaqlığına buraxılmasına dualar yazır. Digəri sevinc göz yaşı tökür, kütləvi çağırışlar edir. Bu necə absurd mənzərədir? Biz nə vaxtdan bəri bu qədər dəyişdik?

Şou göstərən, kosmetika reklam edən insanları "ilahiləşdirmək" xəstəliyinə tutulmuşuq. Həyatı yalnız rəngli filtrlərdən ibarət şəxslər cəmiyyətin mənəvi mayakına çevrilir. Hər kəs onların hər addımını izləyir. Onların hər sözü ilahi kəlam kimi qəbul edilir. Şəxsi maraqları üçün yaşayanlar birdən-birə xalqın dərdinə şərik olan qəhrəman sayılır. Bu, artıq adi nadanlıq sayılmır. Bu, cəmiyyətin düşüncə sisteminin tam çökməsidir.

Eyni zamanda başqa dəhşətli fəlakət yaşanır. Camaat əlində telefon küçələrdə ovçu kimi gəzir. Hər xırda məsələni lentə alıb sosial şəbəkələrə atırlar. Məqsəd yalnız kimsəni biabır etməkdir. Məqsəd kiminsə çörəyi ilə oynamaq, onu kütlənin qarşısına atmaqdır. Virtual aləmdə bir neçə "bəyənmə" toplamaq üçün insanların ləyaqəti tapdalanır.

Səhərdən axşama kimi sükan arxasında əsəb keçirən avtobus sürücüsünü çəkirlər. Tıxacda, istidə min bir əziyyət çəkən zəhmətkeşin kiçik xətasını böyüdürlər. Videonu paylaşıb onun işdən çıxarılmasına bais olurlar. Sonra da bunu böyük qəhrəmanlıq kimi təqdim edirlər. Bir insanın ruzisini kəsmək bu qədər asan olmamalıdır. Bir ailənin çörəksiz qalması sizə hansı zövqü verir?

Həqiqətən etiraz edilməli olan vacib məsələlər qalır kənarda. Vacib problemlər qarşısında hamı lal-kar olur. Səsini çıxarmaq lazım gələndə kənara çəkilənlər, sadə zəhmətkeşin üstünə şir kimi cumurlar. Öz hüququnu tələb edə bilməyənlər, gücü çatan zəif insanı tapdalamaqla təsəlli tapırlar. Bu, sadəcə qorxaqlıq və mənəvi aşınmadır.

Ekran arxasında oturub cəllad kəsilən həmin kütlə öz eybini görmür. Başqasının həyatını məhv etməyi mənəviyyat göstəricisi hesab edir. Lakin həqiqi dəyərlər tapdanır, saxta parıltılar isə göylərə qaldırılır.

Biz özümüz öz əlimizlə cəmiyyəti eybəcərləşdiririk. Görünür, bu gedişlə sabah sığınmağa bir dənə də olsun sağlam dəyər tapmayacağıq.

Demokrat.az

D
demokrat.az