Sosial Özəl

Hamilə oyuncaqlar satışa çıxdı — "Məqsəd sensasiya yaratmaqdır" (Açıqlama)

Hamilə oyuncaqlar satışa çıxdı — Məqsəd sensasiya yaratmaqdır (Açıqlama)

Oyuncaq istehsalçısı ZURU şirkətinin təqdim etdiyi “My Mini Baby-Mom & Baby Surprise” adlı yeni hamilə kukla sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Oyuncağın qarın hissəsində realist şəkildə hazırlanmış döl maketi və təqdimat forması istifadəçilər arasında fikir ayrılığı yaradıb. Kukla yalnız hamilə görünüşü ilə deyil, anatomik detalları ilə də diqqət çəkir. Qarın hissəsindəki plastik örtük açıldıqda, içərisində şəffaf jelə bənzər maddənin yerləşdiyi kisədə körpə maketi görünür. Oyuncağın konsepsiyasına əsasən, uşaqlar bu kisəni çıxarıb sıxaraq körpə oyuncağını ondan ayırırlar. Daha sonra isə kuklanın qarnı əvvəlki hamar formasına qayıdır.

Belə oyuncaqların istehsal və satış məqsədi nədir? Onlar uşaqların psixoloji inkişafına və davranışına hansı mənfi təsirləri göstərə bilər?

Psixoloq Zümrüd Əsədova Demokrat.az-a açıqlamasında bildirib ki, müasir oyuncaq sənayesini anlamaq üçün ilk növbədə onun kommersiya mahiyyətini nəzərə almaq lazımdır:

“İstehsalçı şirkətlərin əsas məqsədi diqqət çəkmək, trend yaratmaq və satış həcmini artırmaqdır. Bu gün uşaqlar çox erkən yaşlardan rəqəmsal məzmun və sürətli vizual dəyişikliklərlə əhatə olunduqları üçün klassik oyuncaqlar artıq onların diqqətini əvvəlki qədər uzun müddət cəlb etmir. Məhz buna görə də istehsalçılar daha çox sürpriz effekti və hiper-realizmə üstünlük verirlər. Qutunun açılması, oyuncağın sıxılması və içərisindən nəyinsə çıxması uşaqda ani maraq və həyəcan hissi yaradır. Digər tərəfdən, təbiətin və fiziologiyanın hiper-realist şəkildə təqdim edilməsi sosial şəbəkələrdə sürətlə yayılaraq məhsul üçün əlavə reklam effekti yaradır. Bu yanaşmanın əsas məqsədi uşağın psixoloji inkişafına töhfə verməkdən daha çox sensasiya yaratmaq və bazarda üstünlük qazanmaqdır. Uşağın dünyanı qavrama tərzi böyüklərdən fərqlənir. Böyüklər belə bir oyuncaqda həyatın yaranması prosesini görə bilsələr də, müəyyən yaş dövründə olan uşaq bunu tamamilə fərqli şəkildə qəbul edə bilər. Bu cür oyuncaqların mümkün mənfi təsirlərindən biri doğuş kimi təbii və emosional baxımdan həssas bir prosesin mexaniki hərəkətlər vasitəsilə təqdim edilməsidir. Körpənin plastik kisədən çıxarılması, gelin sıxılması kimi hərəkətlər uşağın şüuraltında bu prosesin emosional dəyərini azalda və ona qarşı yanlış təsəvvür formalaşdıra bilər”.

Psixoloq digər mühüm məqamın uşağın yaşına uyğun olmayan fizioloji məlumatlarla vaxtından əvvəl qarşılaşması olduğunu qeyd edib:

“Şəffaf gel içərisində döl maketinin göstərilməsi və onun sıxılaraq çıxarılması bəzi uşaqlarda maarifləndirici təsirdən daha çox qorxu, ikrah və ya çaşqınlıq hissi yarada bilər. Psixoloji baxımdan uşaq inkişaf mərhələsinə uyğun olmayan hər bir informasiya onun emosional gərginliyini artıra bilər. Belə oyuncaqlar eyni zamanda gerçəklik hissinin təhrif olunmasına da səbəb ola bilər. Oyuncaqda qarının bir anda açılması, körpənin çıxarılması və daha sonra qarının əvvəlki vəziyyətinə qayıtması uşaqda hamiləlik, analıq və insan anatomiyası haqqında sadələşdirilmiş, lakin yanlış təsəvvürlər yarada bilər. Bundan əlavə, rol oyunlarının əsas məqsədi olan empatiya, qayğı və şəfqət hisslərinin inkişafı da kölgədə qala bilər. Ənənəvi oyuncaq oyunlarında uşaq körpəyə qulluq etməyi, onu bələməyi və qayğı göstərməyi öyrənir. Lakin bu tip oyuncaqlarda diqqət emosional qayğıdan daha çox fiziki prosesin mexaniki şəkildə icrasına yönəlir. Uşaqların həyatın həqiqətləri barədə maarifləndirilməsi vacibdir. Lakin bu, sensasiya yaratmağa hesablanmış oyuncaqlar vasitəsilə deyil, valideynlərin uşağın yaşına, emosional hazırlıq səviyyəsinə və psixoloji inkişafına uyğun şəkildə apardıqları sakit, həssas və sevgi dolu söhbətlərlə həyata keçirilməlidir. Valideynlər trendə çevrilən hər oyuncağı almaqdansa, uşağın emosional inkişafını, təxəyyülünü və sağlam psixoloji formalaşmasını dəstəkləyən, yaşına uyğun oyuncaqlara üstünlük verməlidirlər”.

Fidan Hacızadə

D
demokrat.az