Salyan rayonunda 24 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib.
2002-ci il təvəllüdlü Yusif (ad şərtidir) birgə yaşadıqları evdə həyat yoldaşı Elmiradan (ad şərtidir) çay hazırlamasını tələb edib.
Bu zəmində aralarında yaranan mübahisə zamanı Yusif həyat yoldaşının saçından tutaraq başı ilə onun sifət nahiyəsinə zərbə endirib. Nəticədə qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Yusifə Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Yusif ona elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib. O bildirib ki, 2025-ci il oktyabrın 19-da Salyan rayonunun kəndlərindən birində yaşayan Elmira ilə qarşılıqlı razılıq əsasında ailə qurub və valideynlərinin evində birlikdə yaşayırlar.
"Elmira ilə valideynlərimin evində yaşasaq da, mənim ayrıca mənzilim də var. Elmira hazırda hamilədir. Hamiləliyi ilə əlaqədar həkim nəzarətindədir və onu mütəmadi olaraq müayinəyə aparıram. Ailəmin dolanışığını təmin etmək üçün Bakı şəhərində fəhlə işləyirəm", – deyə o qeyd edib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan əvvəl də Elmira ilə arasında bir dəfə ailədaxili mübahisə yaşanıb. Buna səbəb isə həyat yoldaşının onun telefon zənglərinə gec cavab verməsi olub.
"Elmiranın hamilə olması ilə əlaqədar həkim ona işləməyi qadağan edib, həmçinin 2-3 kiloqramdan artıq yük qaldırmasına icazə verməyib. Mən bunu bilirdim və həmişə nəzərə alırdım. Lakin ona hansısa iradımı bildirəndə məni dinləmir, əksinə, sərt cavab verirdi", – deyə Yusif ifadəsində bildirib.
O qeyd edib ki, hadisə günü saat 23:00 radələrində otaqda olarkən Elmirdan çay hazırlamasını istəyib.
"Elmira buna əhəmiyyət vermədi və aramızda mübahisə yarandı. Mübahisə zamanı onun sərt cavab verməsinə əsəbiləşdim. Sağ qolundan tutdum, sonra saçından yapışaraq başımla sifət nahiyəsinə bir dəfə zərbə endirdim. Bundan sonra otaqdan çıxdım. Həmin vaxt valideynlərim öz otaqlarında idi, yanımızda heç kim olmayıb. Buna baxmayaraq, həyat yoldaşımı vurduğuma görə əməlimdən peşmanam", – deyə o bildirib.
Zərərçəkmiş Elmira isə ifadəsində bildirib ki, hamiləliyi ilə əlaqədar mütəmadi olaraq həkim nəzarətində olub.
"Yusiflə ailə qurduqdan sonra aramızda bir neçə dəfə ailədaxili münaqişə yaşanıb. O, mənə nəsə deyəndə cavab verməyimi qəbul etmir, ailədə yalnız onun sözünün keçməsini istəyirdi. Həmçinin səhhətimi də nəzərə almırdı", – deyə Elmira bildirib.
Onun sözlərinə görə, hadisə günü saat 23:00 radələrində Yusif ondan çay hazırlamasını tələb edib.
"Çaydanın ağır olduğunu, həkimin mənə ağır əşya qaldırmağı qadağan etdiyini ona xatırlatdım. Buna baxmayaraq, dediklərimə əhəmiyyət vermədi. Mübahisə zamanı üstümə gəldi, saçımdan tutaraq başı ilə sifətimə bir dəfə zərbə endirdi. Zərbənin təsirindən yerə yıxıldım. Ayağa qalxandan sonra isə halıma baxacağını deyərək məni hədələdi və otaqdan çıxdı", – deyə zərərçəkmiş qeyd edib.
Salyan Rayon Məhkəməsinin hökmü ilə Yusif 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmə əsasən, o, cəza müddəti ərzində hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Salyan rayonunun kəndində yerləşən yaşayış yerini tərk edə bilməz. Bundan başqa, həmin müddət ərzində Salyan rayonunun inzibati ərazi hüdudlarını tərk etməsi də qadağan olunub.
Məhkəmənin qərarına əsasən, Yusif elektron nəzarət vasitəsini daşımalı, onun işlək vəziyyətdə saxlanılmasını təmin etməli, məhkəmənin razılığı olmadan yaşayış yerini dəyişməməli, həmçinin iş yerini dəyişdiyi halda cəzanın icrasına nəzarət edən orqanı əvvəlcədən məlumatlandırmalıdır.


