Sosial Özəl

Ev dustaqlığında hansı məhdudiyyətlər var?

Ev dustaqlığında hansı məhdudiyyətlər var?

Yol-nəqliyyat hadisəsinə görə məhkum edilərək həbs olunan influenser İlduzə Hacıyeva (“Arzum9999”) apellyasiya məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

Demokrat.az xəbər verir ki, ev dustaqlığı təqsirləndirilən şəxsin istintaq təcridxanasında saxlanılmadan, cəmiyyətdən tam təcrid edilmədən öz yaşayış yerində saxlanılmasını nəzərdə tutan qətimkan tədbiridir.

Bu, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 163-cü maddəsi ilə tənzimlənir.

Ev dustaqlığı barədə qərar məhkəmə tərəfindən qəbul edilir. Adətən, təqsirləndirilən şəxsin cəmiyyət üçün ciddi təhlükə törətmədiyi və ya istintaqdan yayınma riskinin aşağı olduğu hallarda bu tədbir həbs qətimkan tədbirinə alternativ kimi seçilir.

Ev dustaqlığı zamanı tətbiq oluna biləcək əsas məhdudiyyətlər bunlardır:

Yaşayış yerini tərk etmək qadağası: Şəxs evdən tamamilə və ya yalnız məhkəmənin müəyyən etdiyi saatlar çərçivəsində çıxa bilər.

Ünsiyyət məhdudiyyəti: İş üzrə şahidlər, zərərçəkənlər və ya məhkəmənin müəyyən etdiyi digər şəxslərlə görüşmək və əlaqə saxlamaq qadağan oluna bilər.

Rabitə və internetdən istifadəyə məhdudiyyət: Telefon danışıqları, poçt göndərişləri, sosial şəbəkələrdən və internetdən istifadə məhdudlaşdırıla bilər.

Qonaq qəbuluna qadağa: Birgə yaşadığı ailə üzvləri istisna olmaqla, evə kənar şəxslərin gəlməsinə icazə verilməyə bilər.

Bu qətimkan tədbirinə əməl olunmasına müvafiq icra orqanları, o cümlədən Ədliyyə Nazirliyinin Probasiya Xidməti və ya polis nəzarət edir.

Nəzarət aşağıdakı üsullarla həyata keçirilə bilər:

1. Elektron nəzarət vasitəsi (elektron qolbaq): Şəxsin ayağına və ya qoluna GPS siqnalı ötürən elektron qolbaq taxılır və onun müəyyən edilmiş ərazini tərk edib-etmədiyi fasiləsiz izlənilir. 2. Polis nəzarəti: Müəyyən vaxtlarda yaşayış yerinə baş çəkilməsi, nəzarət zəngləri və ya digər yoxlamalar aparıla bilər.

Şəxs ev dustaqlığı rejimini və ya məhkəmənin müəyyən etdiyi qadağaları pozduğu halda, məhkəmə bu qətimkan tədbirini ləğv edərək onu yenidən həbs qətimkan tədbiri ilə əvəz edə bilər.

Fidan Hacızadə

D
demokrat.az