Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Asim Mollazadə deyib.“Enerji və nəqliyyat sahələrində əməkdaşlıq həm Almaniyanın maraqlarına cavab verir, həm də Azərbaycanın uzaqgörənliklə həyata keçirdiyi investisiyaların məntiqi davamı kimi qiymətləndirilməlidir”.
Onun sözlərinə görə, bu tərəfdaşlıq Azərbaycan və Almaniya arasında dostluq münasibətlərini daha da gücləndirir:
“Bu tərəfdaşlıq iqtisadiyyat, siyasət, təhlükəsizlik, enerji və nəqliyyat kimi bir çox sahələri əhatə edir. Azərbaycan qitələri birləşdirən strateji layihələrin həyata keçirilməsinə böyük töhfə verib və bu gün həmin investisiyalar Avropanın maraqları baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycanın enerji sahəsində reallaşdırdığı neft və qaz layihələri Almaniya üçün xüsusi önəm kəsb edir. Nəzərə alsaq ki, Rusiya-Ukrayna müharibəsinin nəticəsində Almaniya uzun illər əməkdaşlıq etdiyi Rusiyadan qaz tədarükünü dayandırıb, bu baxımdan Azərbaycan alternativ və etibarlı enerji tərəfdaşı kimi ön plana çıxır.
Azərbaycan-Almaniya münasibətləri təkcə enerji sahəsi ilə məhdudlaşmamalı, humanitar əməkdaşlığı da əhatə etməlidir. Xatırlatmaq istəyirəm ki, Almaniyadan gələn qaçqınlar Avropadan Azərbaycana sığınan ilk qaçqınlardan olub. Azərbaycan onları əsasən ölkənin qərb bölgəsində yerləşdirib və onlar da öz növbəsində Azərbaycanın inkişafına mühüm töhfələr veriblər.
Ona görə də əminəm ki, bu əməkdaşlıq gələcəkdə mədəniyyət və təhsil sahələrini də əhatə edəcək. Həmin istiqamətlərdə əməkdaşlığın genişlənməsi hər iki ölkənin maraqlarına uyğundur. Azərbaycan Almaniya ilə qurduğu əməkdaşlıq modelini digər Avropa ölkələri üçün də nümunə kimi təqdim edə bilər. Çünki Azərbaycanın etibarlı tərəfdaş olduğu artıq bir sıra Avropa ölkələri tərəfindən qəbul edilir”, - deyə deputat fikrini tamamlayıb.


