Azərbaycan ilə Almaniya arasında münasibətlər keyfiyyətcə tam yeni mərhələyə qədəm qoyur. İki ölkə arasında strateji tərəfdaşlığa dair birgə bəyannamə imzalanıb. Azərbaycan ilə Almaniya arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin imzalanması iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlığı hansı yeni mərhələyə çıxarır? Bu tərəfdaşlıq Azərbaycanın Avropa ilə əlaqələri, geosiyasi mövqeyi və uzunmüddətli iqtisadi inkişafı baxımından hansı perspektivlər vəd edir?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında deputat Azər Badamov bildirib ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin ən mühüm nəticələrindən biri Almaniya Federal Kansleri Fridrix Mers ilə keçirilən yüksəksəviyyəli görüş və mətbuata verilən birgə bəyanat olub.
Onun sözlərinə görə, görüş zamanı tərəflər Azərbaycan–Almaniya münasibətlərinin yeni strateji mərhələyə qədəm qoyduğunu nümayiş etdirən “İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə” imzalayıblar:
“Bu sənəd siyasi dialoqun institusional əsaslarının möhkəmləndirilməsi, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat, logistika, elm, texnologiya, innovasiya, rəqəmsallaşma, kibertəhlükəsizlik, müdafiə sənayesi, təhsil və humanitar sahələrdə əməkdaşlığın yeni mexanizmlərlə inkişaf etdirilməsini nəzərdə tutur. Əslində Azərbaycan–Almaniya münasibətlərinin uzunmüddətli strateji yol xəritəsi kimi qiymətləndirilə bilər. Mətbuata bəyanat zamanı Prezident İlham Əliyev Azərbaycanın Almaniya üçün etibarlı siyasi və iqtisadi tərəfdaş olduğunu bir daha vurğuladı. Dövlət başçısı bildirdi ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır, Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixracını davam etdirir və bərpa olunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Prezident eyni zamanda Orta Dəhlizin Avropa ilə Asiyanı birləşdirən ən perspektivli nəqliyyat marşrutlarından birinə çevrildiyini qeyd edərək Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi infrastruktur layihələrinin Almaniya üçün də yeni iqtisadi imkanlar açdığını vurğuladı.
Kansler Fridrix Mers isə Almaniyanın Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, enerji, sənaye, logistika, rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində əməkdaşlığın dərinləşdirilməsini dəstəklədiyini bildirdi. Tərəflər qarşılıqlı hörmətə, suverenlik və milli maraqların nəzərə alınmasına əsaslanan əməkdaşlığın gələcək inkişafı barədə ortaq mövqe nümayiş etdirdilər. Səfərin mühüm nəticələrindən biri də Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması barədə əldə olunan razılaşmadır. Bu təşəbbüs iki ölkənin işgüzar dairələri arasında birbaşa əməkdaşlığın genişlənməsinə, yeni investisiya layihələrinin hazırlanmasına, texnologiya transferinin sürətlənməsinə və özəl sektorlar arasında institusional dialoqun gücləndirilməsinə xidmət edəcək. Xüsusilə sənaye, maşınqayırma, yaşıl enerji, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, logistika və yüksək texnologiyalar sahələrində birgə layihələrin həyata keçirilməsi üçün yeni imkanlar yaranır.
Hesab edirəm ki, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri və əldə olunan razılaşmalar Azərbaycan–Almaniya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirir. İmzalanmış Strateji Gündəlik, yaradılan Biznes Şurası və aparılan yüksək səviyyəli danışıqlar gələcək illərdə ticarət dövriyyəsinin artmasına, qarşılıqlı investisiyaların genişlənməsinə, innovasiya və sənaye əməkdaşlığının dərinləşməsinə, eyni zamanda, ölkələrimiz arasında siyasi etimadın daha da möhkəmlənməsinə mühüm töhfə verəcək. Bu səfər Azərbaycanın Avropanın etibarlı tərəfdaşı kimi mövqeyini daha da gücləndirməklə yanaşı, Almaniya ilə strateji tərəfdaşlığın uzunmüddətli inkişaf perspektivlərini də müəyyənləşdirən mühüm siyasi hadisə kimi tarixə düşəcək”, – deyə deputat fikrini tamamlayıb.


