Maraqlı Özəl

Meyvələri bu üsulla yumaq təhlükəlidir

Meyvələri bu üsulla yumaq təhlükəlidir

Yay mövsümündə meyvə və tərəvəzləri yuyarkən məqsəd yalnız torpaq qalıqlarını və xırda həşəratları təmizləmək deyil, həm də pestisid qalıqlarını mümkün qədər azaltmaqdır. “HuffPost” nəşri bu mövzuda mütəxəssislərin tövsiyələrini təqdim edib.

Demokrat.az xəbər verir ki, son dövrlərdə “TikTok” platformasında meyvə və tərəvəzlərin qida sodası, ağ sirkə və xüsusi yuyucu vasitələrlə təmizlənməsi trendə çevrilib. Lakin mütəxəssislər bildirirlər ki, bu üsulların hər biri təhlükəsiz və ya effektiv hesab edilmir.

Məqalədə qeyd olunur ki, bəzi pestisidlər ciddi xəstəliklərlə əlaqələndirilsə də, bununla bağlı elmi sübutlar bütün hallarda qəti deyil.

Toksikoloq Kelli Conson-Arborun sözlərinə görə, pestisidlərin insan orqanizminə təsiri onların növündən asılı olaraq dəyişir: “Bəzi pestisidlər sinir sisteminə zərər verə bilər, digərləri isə xərçəng kimi xroniki xəstəliklərlə əlaqələndirilir”.

Mütəxəssis əlavə edib ki, bəzi pestisidlər reproduktiv sağlamlığa və orqanizmin inkişafına mənfi təsir göstərə, həmçinin hormonal sistemin fəaliyyətini poza bilər.

ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi bildirir ki, insanlar adətən çox kiçik miqdarda pestisidlərə məruz qalırlar və bu miqdar əksər hallarda sağlamlıq üçün təhlükə yaratmır. Bununla belə, zərərli təsirlərin hansı dozada və hansı müddətdə yarandığı hələ tam müəyyən edilməyib.

Mütəxəssislərin 7 tövsiyəsi

1. Adi axar kran suyundan istifadə edin

Kelli Conson-Arborun sözlərinə görə, meyvə və tərəvəzləri təmizləmək üçün adi axar kran suyu kifayət qədər effektivdir.

“Bu, həm mikroorqanizmlərin, həm də pestisid qalıqlarının azaldılması üçün ən sadə və təhlükəsiz üsuldur”, deyə mütəxəssis bildirib.

2. Sabun və xüsusi yuyucu vasitələrdən istifadə etməyin

Corciya Universitetinin Qidalanma Departamentinin direktoru Emma Leynq bildirib ki, meyvə və tərəvəzlər məsaməli quruluşa malik olduğundan sabun və yuyucu vasitələrin qalıqlarını özünə hopdura bilər.

Onun sözlərinə görə, bu vasitələrin təhlükəsizliyi və effektivliyi kifayət qədər sübut olunmayıb, buna görə də onların istifadəsi tövsiyə edilmir.

3. Meyvə və tərəvəzləri suda uzun müddət saxlamayın

Mütəxəssislər xəbərdarlıq edirlər ki, məhsulların uzun müddət suda saxlanılması mikroorqanizmlərin su vasitəsilə yayılmasına səbəb ola və çarpaz çirklənmə riskini artıra bilər.

4. Yarpaqlı və nahamar səthli məhsulları daha diqqətlə yuyun

Giləmeyvələr zədələnməməsi üçün ehtiyatla yuyulmalıdır.

Yarpaqlı tərəvəzlərin yarpaqları ayrılaraq hər biri ayrıca yuyulmalıdır.

Qovun, gül kələm və nahamar səthə malik digər məhsullar isə tərəvəz fırçası ilə təmizlənməlidir. Yuyulduqdan sonra onları təmiz kağız dəsmal ilə qurulamaq tövsiyə olunur.

5. Qalın qabıqlı meyvələri də mütləq yuyun

Emma Leynqin sözlərinə görə, manqo və qovun kimi qabığı yeyilməyən məhsullar da soyulmazdan əvvəl mütləq yuyulmalıdır.

Əks halda qabığın üzərindəki kir və bakteriyalar doğrama zamanı meyvənin iç hissəsinə keçə bilər.

6. Təmiz tərəvəz fırçasından istifadə edin

Kaliforniyalı bağban Kris Yanq bildirib ki, meyvə və tərəvəzin səthini yüngül şəkildə ovmaq və ya xüsusi tərəvəz fırçası ilə təmizləmək axar suyun təsirini artırır.

Onun sözlərinə görə, sürtünmə nəticəsində kir, bakteriyalar və pestisid qalıqlarının bir hissəsi daha effektiv şəkildə uzaqlaşdırılır.

7. İmkan olduqda üzvi məhsullara üstünlük verin

Mütəxəssislər qeyd edirlər ki, sertifikatlaşdırılmış üzvi məhsullar daha bahalı olsa da, pestisidlərə məruz qalma riskini azaltmaq baxımından daha əlverişli seçim hesab olunur.

Aşpaz Riçard LaMaritanın sözlərinə görə, belə imkan varsa, üzvi meyvə və tərəvəzlərə üstünlük vermək məqsədəuyğundur.

Jalə

D
demokrat.az