Kriminal Özəl

"Oğlum çox yediyi üçün arvadım danladı, mən də döydüm"

Oğlum çox yediyi üçün arvadım danladı, mən də döydüm

Bakının Xəzər rayonunda ər arvadına xəsarət yetirməkdə ittiham olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Zirə qəsəbəsi, Zirə bağ massivində baş verib. İmişli rayon sakini, 1990-cı il təvəllüdlü Məsud yaşadığı nömrəsiz evin içərisində həyat yoldaşı Nigar (adlar şərtidir – red.) ilə mübahisə edib.

Bu zaman Məsud arvadının üzərinə hücum edib, onun saçından qəsdən əli ilə tutaraq dartıb. Sonra isə qadını yerə yıxıb və yerə yıxdıqdan sonra arvadının baş-beyin, boyun, sol qulaqarxası nahiyələrinə əli ilə bir neçə dəfə yumruq zərbələri, kürək və sol ayaq nahiyəsinə bir neçə dəfə təpik zərbələri vurub.

Faktla bağlı Məsudun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Məsud törətmiş olduğu cinayəti etiraf edib və ifadəsində göstərib ki, zərərçəkmiş Nigar onun həyat yoldaşıdır:

“Məlum hadisə günü, saat 18.00-da Dübəndi bağ massivində yerləşən iş yerimdən çıxaraq evimə gəldim. Evdə mənə məlum oldu ki, 15 yaşlı oğlum həyat yoldaşımın sözünə baxmadığı üçün, ev işlərinin görülməsində ona köməklik göstərmədiyi üçün, evdə olan ərzaq məhsullarını icazəsiz və çox sayda yediyi üçün aralarında bu səbəbdən münaqişə baş verib. Evdə onların arasında sözlə münaqişə davam etdiyi üçün ilk əvvəl hər ikisini sakitləşdirməyə çalışdım. Həyat yoldaşıma sakit olmasını, susmasını tələb etdim. Lakin o, susmadığı üçün əsəblərimi cilovlaya bilmədim və onun üzərinə hücum etdim. Onun saçından qəsdən əlim ilə dartaraq yerə yıxdım və yerə yıxdıqdan sonra arvadımın baş-beyin, boyun, sol qulaqarxası nahiyələrinə əlim ilə bir neçə dəfə yumruq zərbələri, kürək və sol ayaq nahiyəsinə bir neçə dəfə təpik zərbələri vurdum. Ona bədən xəsarətləri yetirdim”.

Bu cinayət işinə Xəzər Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, ər-arvad arasında barışıq olub. Qadın ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb.

Bu səbəbdən Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət təqibinə xitam verilib.

Fariz Məlikli

D
demokrat.az