Xalq arasında geniş yayılmış inanclardan birinə görə, hicri təqviminin Səfər ayında toy etmək uğursuz hesab olunur. Bu səbəbdən bəzi ailələr nikah və toy mərasimlərini həmin ayda keçirməkdən çəkinirlər. Lakin, eyni dövrdə ad günləri, nişan mərasimləri və digər şənliklər, eləcə də əyləncə məkanlarının fəaliyyəti adi qaydada davam edir.
Səfər ayında toy etməyin uğursuz sayılması İslam dininin hökmüdür, yoxsa xalq arasında formalaşmış dini ənənə və inancdır?
İlahiyyatçı Samid Quliyev Demokrat.az-a mövzu ilə bağlı açıqlamasında bildirib ki, bu məsələyə dini baxımdan yanaşarkən İslamın əsas mənbələrində yer alan hökmlərlə sonradan formalaşmış xalq adət-ənənələrini bir-birindən ayırmaq vacibdir:

“İslam dinində Səfər ayında evlənməyi və ya toy etməyi haram, günah və ya uğursuz hesab edən etibarlı dini hökm mövcud deyil. Qurani-Kərimdə və mötəbər hədislərdə ayların özlüyündə uğursuz sayılması ilə bağlı göstəriş yoxdur. Əksinə, İslamda hər hansı zamanın və ya ayın mahiyyət etibarilə uğursuz olduğuna inanmaq doğru hesab edilmir. Buna görə də sırf Səfər ayı olduğu üçün nikah bağlamağın və ya toy etməyin dini baxımdan qadağan edildiyini söyləmək düzgün olmaz. Bununla yanaşı, Azərbaycan cəmiyyətində formalaşmış dini-mədəni ənənələrdə Məhərrəm və Səfər ayları Kərbəla faciəsi və onunla bağlı baş verən acı hadisələrin xatirəsinə hüzn və matəm dövrü kimi qəbul edilir. Xüsusilə şiə ənənəsində bu aylarda təmtəraqlı şənliklərdən çəkinmək, yas ab-havasını qorumaq və Əhli-beytin müsibətini ehtiramla yad etmək geniş yayılmış ənənədir”.
İlahiyyatçı qeyd edib ki, bu səbəbdən bir çox ailələr həmin aylarda toy və digər böyük şənliklər keçirməməyi dini qadağadan deyil, mənəvi həssaslıqdan, dini-mədəni dəyərlərə hörmətdən və Əhli-beytə ehtiramdan irəli gələn seçim kimi qiymətləndirirlər:
“Digər tərəfdən, bu aylarda evlənən və ya toy edən şəxslərin dini baxımdan günah işlətməsi barədə hökm vermək də doğru deyil. Səfər ayında toy etməmək İslamın vacib və ya qadağan etdiyi bir hökm deyil, daha çox xalq arasında formalaşmış dini-mədəni ənənə və fərdi mənəvi seçim məsələsidir. Bu səbəbdən hər kəsin bu məsələdə fərqli mövqe tutmasına hörmətlə yanaşılmalıdır”.


