"Survivor" yarışması ilə tanınan Didem Ceran uğursuz estetik əməliyyatların fəsadlarını aradan qaldırmaq üçün yenidən əməliyyat olunub.
Demokrat.az xəbər verir ki, fenomen Cənubi Koreyada üz rekonstruksiyası əməliyyatı keçirib. O, əməliyyatdan sonra sosial şəbəkədə paylaşdığı görüntülərlə geniş müzakirələrə səbəb olub.
Didem Ceran bildirib ki, əməliyyatdan sonra üzündə güclü şişkinlik və göyərmələr yaranıb. O, xəstəxanadan çıxdıqdan sonra da bu vəziyyətlə təkbaşına mübarizə apardığını deyib.
Fenomenin sözlərinə görə, Cənubi Koreyada küçədən taksi saxlamaq mümkün olmadığından, nəqliyyat sifarişi üçün xüsusi mobil tətbiqdən istifadə edilir. Lakin əməliyyatdan sonra gözləri tam açılmadığı üçün tətbiqdən istifadə edə bilməyib və uzun məsafəni piyada qət etmək məcburiyyətində qalıb.
"Əməliyyatdan yenicə çıxmışdım. Gözlərim tam açılmırdı, telefondakı tətbiqdən istifadə edə bilmirdim. Buna görə də saatlarla piyada getdim. Mənə "Niyə taksi çağırmadın?" kimi suallar yazaraq məni daha da üzməyin", deyə Ceran paylaşımında bildirib.
Didem Ceran daha sonra əməliyyatdan sonrakı görüntülərinin yayılmasının ardından bəzi sosial media istifadəçilərinin onu Türkiyə Prezidenti Administrasiyasının Rabitə Mərkəzinə (CİMER) şikayət etmək üçün imza kampaniyası başlatdıqlarını iddia edib.
Göz yaşları içində paylaşdığı videoda o, heç kəsi narahat etmək niyyətində olmadığını bildirib.
"Mən sadəcə çətin müalicə prosesimi mənimlə maraqlanan insanlarla bölüşdüm. Heç kəsi qorxutmaq və ya narahat etmək niyyətim olmayıb. Bu günlərdə mənə dəstək olan hər kəsə təşəkkür edirəm", deyə Ceran bildirib.
Fenomen yaşanan hadisələrdən sonra bir müddət sosial şəbəkələrdə əvvəlki qədər aktiv olmayacağını da qeyd edib.



