Siyasət Özəl

Politoloq: "Qara dənizdəki insidentlər dünya müharibəsi riskini artırır”

Politoloq: Qara dənizdəki insidentlər dünya müharibəsi riskini artırır”

Qara dənizdə, Odessa yaxınlığında Rusiyanın həyata keçirdiyi raket hücumu nəticəsində Türkiyənin Mersin mərkəzli şirkətinə məxsus “GOLDEN LEO” adlı quru yük gəmisi vurulub. Hücum zamanı gəmidə yanğın baş verib, 6 dənizçi həyatını itirib, 5 nəfər isə itkin düşüb. Ukrayna Hərbi Dəniz Qüvvələrinin keçirdiyi xilasetmə əməliyyatı nəticəsində 8 ekipaj üzvü təxliyə olunub, yaralanan 7 nəfərin müalicəsi davam edir. Ukrayna rəsmiləri itkin düşən dənizçilərin axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.

Hadisə Rusiya-Türkiyə münasibətlərinə və Qara dənizdə təhlükəsizlik vəziyyətinə necə təsir göstərə bilər? Türkiyənin bu insidentə diplomatik və ya hüquqi baxımdan hansı addımları atacağı gözlənilir?

Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən politoloq Tofiq Abbasovun sözlərinə görə, Qara dənizdə çox təhlükəli hadisələr baş verməyə başlayıb:

“Digər tərəfdən görürük ki, tankerlər və yük daşıyan gəmilər vurulur. Bu, faktiki olaraq, Rusiya-Ukrayna müharibəsinin ağır fəsadlarından biridir. Eyni zamanda, bu hadisələr fonunda münaqişənin, müharibənin və ya xüsusi hərbi əməliyyatın beynəlmiləlləşməsi ehtimalı artır ki, bu da ən narahatedici məqamlardan biridir. Çünki bəzi mənbələr bildirirlər ki, artıq 52-53-dən çox ölkə bu prosesə bu və ya digər formada cəlb olunub. Bu isə o deməkdir ki, dünya müharibəsi riskinin ilk işartıları görünməkdədir. Təbii ki, belə insidentlər baş verdikdə ilk növbədə diplomatik kanallar işə düşür. Tərəflər bir-biri ilə təmas saxlayır, xüsusi nümayəndələr qarşılıqlı səfərlər həyata keçirirlər, izahatlar alınır, hadisənin səbəbləri araşdırılır və vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün tədbirlər görülür. Bu istiqamətdə 2015-ci ildə Türkiyə Suriya səmasında Rusiyaya məxsus qırıcı təyyarəni vurdu. Halbuki həmin təyyarənin Türkiyə üçün real təhlükə yaratmadığı deyilirdi. Formal olaraq bildirildi ki, Suriyadan qalxan Rusiya təyyarəsi Türkiyənin hava məkanını pozub və buna görə də Ankara onu vurmaq qərarı verib. Bundan sonra Türkiyədə Rusiya Federasiyasının səfiri Andrey Karlov qətlə yetirildi və ikinci ciddi hadisə yaşandı. Hətta o zaman Rusiyada bəzi dairələr Türkiyəyə müharibə elan edilməsini tələb edirdilər. Lakin Vladimir Putin, Kreml və hərbi komandanlıq daha təmkinli davranaraq vəziyyəti diqqətlə izlədilər və çalışdılar ki, qarşıdurma, konfrontasiya və eskalasiya pik həddə çatmasın. Bu, düzgün qərar idi. Amma indiki mərhələdə vəziyyət xeyli dəyişib. Bir tərəfdə Rusiya-Ukrayna müharibəsi davam edir, digər tərəfdə isə İran və onun ətrafında baş verən proseslər var. Bütün bunlar göstərir ki, Yaxın Şərq, Orta Şərq və xüsusilə Avrasiya məkanı çox böyük risk zonasına çevrilib. Belə bir şəraitdə hər bir qığılcım, hər bir ehtiyatsız addım çox böyük fəlakətə səbəb ola bilər”.

Politoloq vurğulayıb ki, bunun qarşısını almaq üçün Ankara və Moskva mütləq məsləhətləşmələrə başlamalı, qarşılıqlı anlaşma əsasında konsensus yolu tapmalıdırlar:

“Əks halda vəziyyət daha da ciddi xarakter ala bilər. Türkiyənin bu prosesdəki rolunu isə birmənalı qiymətləndirmirəm. Bu yaxınlarda Ankarada NATO-nun sammiti keçirildi və Donald Tramp bildirdi ki, guya əsasən Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün gəlib. Mən hesab edirəm ki, mətbuata deyilən bütün açıqlamalar həmişə həqiqəti əks etdirmir. Həmin səfərin əsas səbəblərindən biri İran məsələsi idi və Türkiyənin bu prosesə cəlb olunması məqsədi daşıyırdı. Digər tərəfdən, silah məsələsində ABŞ Türkiyəyə əvvəllər vəd etdiyi F-35 qırıcılarını satmaq niyyətindədir. Bildiyimiz kimi, əvvəlki sifariş üzrə müəyyən ödənişlər edilmişdi və indi Türkiyə yeni partiya almaq istəyir. Doğrudur, Türkiyənin əsas müttəfiqləri ABŞ və Böyük Britaniya hesab olunur. Lakin onların öz aralarında da ciddi fikir ayrılıqları mövcuddur. Bəzən bir-birlərinə qarşı addımlar atırlar. Hazırda London və Vaşinqton arasında münasibətlərin əvvəlki qədər isti olmadığını, Böyük Britaniyanın isə Avrasiya məkanında özünü ABŞ-dən daha sərbəst aparmağa çalışdığını görürük. Məhz buna görə, indiki həssas mərhələdə Türkiyə son dərəcə ehtiyatlı davranmalıdır və Trampın səsləndirdiyi bəyanatlara tam etibar etməməlidir. Çünki Tramp Amerika demək deyil. ABŞ-də siyasi isteblişment, dövlət institutları və qərarvermə mexanizmləri mövcuddur. Onlar kəşfiyyat məlumatları və müxtəlif araşdırmalar əsasında strateji qərarlar qəbul edirlər. ABŞ-də, xüsusilə Con Kennedidən və Riçard Nikson dövründən sonra formalaşan idarəçilik modelinə dair müxtəlif yanaşmalar mövcuddur. Bu yanaşmalara görə, prezidentlər bütün qərarları təkbaşına qəbul edən fiqurlar deyil, müəyyən hallarda mövcud dövlət institutlarının qəbul etdiyi qərarların icraçısı rolunda çıxış edirlər. Ona görə də Tramp müxtəlif bəyanatlar verə bilər. Lakin dünya siyasətində elə hadisələr cərəyan edir ki, onların mahiyyəti çox vaxt yalnız illər sonra tam aydın olur. Bu olaylar tarixə çevrildikdən sonra hansı qərarların hansı səbəblərdən qəbul edildiyi və hansı qüvvələrin hansı məsələlərdə niyə bir araya gəldiyi daha aydın görünür. Bu baxımdan hazırda Qara dənizdə həm Rusiyanın, həm də Türkiyənin rolu olduqca böyükdür. Onlar regionun iki mühüm dövlətidir və gedişatın nəzarətdən çıxmaması üçün qarşılıqlı təmasda, koordinasiyalı və həmahəng fəaliyyət göstərməlidirlər”.

Fidan Hacızadə

D
demokrat.az