Dünya Özəl

Süni intellekt ilk dəfə F-16 qırıcısını idarə etdi — FOTOLAR

Süni intellekt ilk dəfə F-16 qırıcısını idarə etdi — FOTOLAR

ABŞ Müdafiə Nazirliyinə bağlı Qabaqcıl Müdafiə Araşdırmaları Agentliyi (DARPA) və ABŞ Hərbi Hava Qüvvələri süni intellekt tərəfindən idarə olunan modernləşdirilmiş “F-16” qırıcısını uğurla sınaqdan keçiriblər.

Demokrat.az xəbər verir ki, sınaq zamanı təhlükəsizlik məqsədilə pilot kabinədə olsa da, təyyarə havaya qalxdıqdan sonra idarəetmə tamamilə süni intellekt sisteminə həvalə edilib.

Süni intellektlə idarə olunan döyüş təyyarələrinin sınaqları daha əvvəl “X-62A VISTA” platformasında aparılmışdı. Lakin son sınağı fərqləndirən əsas məqam ondan ibarətdir ki, bu dəfə köhnə nəsil “F-16” təyyarəsi sonradan edilən dəyişikliklərlə avtonom idarəetməyə uyğunlaşdırılıb.

Sınaq DARPA-nın “VENOM” proqramı çərçivəsində hazırlanan “VENOM Autonomy Kit” sistemi üçün mühüm mərhələ hesab olunur. Bu sistem təyyarəyə sanki ikinci pilot funksiyası qazandırır və bunu “F-16”nın əsas uçuş proqram təminatını tamamilə dəyişdirmədən həyata keçirir.

DARPA-nın məlumatına görə, “VENOM” dəsti yalnız təyyarənin uçuşunu idarə etmir. Sensorlar və digər missiya sistemləri də süni intellekt tərəfindən idarə oluna bilir. Layihənin məqsədi mövcud “F-16” parkına genişmiqyaslı və bahalı proqram təminatı dəyişiklikləri etmədən inkişaf etmiş avtonom imkanlar qazandırmaqdır.

Sınaq uçuşunda təyyarəni havaya insan pilot qaldırıb. Təhlükəsiz hündürlüyə çatdıqdan sonra idarəetmə süni intellekt sisteminə ötürülüb.

Pilot uçuş boyunca kabinədə qalaraq sistemi müşahidə edib və hər hansı problem yaranacağı halda idarəetməni yenidən öz üzərinə götürməyə hazır olub.

Bu yanaşma “human-on-the-loop” adlanan insan nəzarətli avtonomiya modelinə əsaslanır. Bu modeldə operator prosesi izləyir, lakin süni intellektin qəbul etdiyi hər qərarı ayrıca təsdiqləmir.

Bu sistem kritik qərarların mütləq insan tərəfindən təsdiqləndiyi “human-in-the-loop” modelindən fərqlənir.

Köhnə “F-16” təyyarələrinin seçilməsi göstərir ki, süni intellekt əsaslı avtonom uçuş sistemləri yalnız yeni nəsil döyüş təyyarələri üçün nəzərdə tutulmur.

DARPA bildirir ki, modernləşdirilmiş çoxsaylı “F-16” vasitəsilə müxtəlif süni intellekt agentləri eyni vaxtda fərqli hava döyüşü taktikaları ilə sınaqdan keçirilə biləcək.

Proqram çərçivəsində süni intellekt sistemlərinin bir-biri ilə qarşılıqlı fəaliyyəti, hava təhdidlərinə və elektron müharibə vasitələrinə verdikləri fərdi və ya birgə reaksiyalar da qiymətləndiriləcək.

Bundan başqa, pilotlu və pilotsuz uçuş aparatlarının eyni əməliyyat zamanı necə koordinasiya olunacağı da proqramın əsas istiqamətlərindən biridir.

DARPA-nın məlumatına görə, “VENOM” proqramı agentliyin həyata keçirdiyi “Artificial Intelligence Reinforcements” (AIR) proqramının əsas hissələrindən biri olacaq.

Uzunmüddətli məqsəd “F-16” kimi platformalardan ibarət avtonom döyüş təyyarələri parkı yaratmaqdır.

Bu ssenaridə pilotların hər bir təyyarəni ayrıca idarə etməsinə ehtiyac qalmayacaq. Xüsusilə vizual təmasdan kənar (“Beyond Visual Range”, BVR) əməliyyatlarda onlar eyni vaxtda bir neçə avtonom döyüş təyyarəsini idarə edə biləcəklər.

Süni intellekt ilk dəfə F-16 qırıcısını idarə etdi — FOTOLAR

Süni intellekt ilk dəfə F-16 qırıcısını idarə etdi — FOTOLAR

Süni intellekt ilk dəfə F-16 qırıcısını idarə etdi — FOTOLAR
Süni intellekt ilk dəfə F-16 qırıcısını idarə etdi — FOTOLAR

Jalə

D
demokrat.az