Son günlər ölkə ərazisində müşahidə olunan güclü küləkli hava şəraiti gündəlik həyata təsir göstərməklə yanaşı, kənd təsərrüfatı sahəsində də narahatlıq yaradıb. Güclü külək meyvə ağaclarında yetişmək üzrə olan məhsulların tökülməsinə, tərəvəz sahələrində isə bitkilərin zədələnməsinə səbəb ola bilər.
Mütəxəssislərin fikrincə, bu cür hava şəraiti məhsuldarlığın azalması ilə yanaşı, məhsulun yığımı, daşınması və bazarlara çatdırılması prosesini də çətinləşdirir. Əlverişsiz hava şəraiti uzun müddət davam edərsə, kənd təsərrüfatı məhsullarının təklifinə təsir göstərə və nəticədə yerli bazarda qiymət artımına səbəb ola bilər. Xüsusilə mövsümi meyvə və tərəvəzlərin istehsal həcminin azalması onların satış qiymətlərinin bahalaşması riskini artırır.
Demokrat.az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli bildirib ki, son illərdə iqlim dəyişiklikləri kənd təsərrüfatına ciddi ziyan vurur.

Onun sözlərinə görə, normadan artıq yağıntılar, qəfil hava dəyişiklikləri və digər ekstremal atmosfer hadisələri aqrar sektora mənfi təsir göstərir:
"Bu amillər məhsuldarlığın azalmasına, daxili bazarın yerli istehsal hesabına tam təmin olunmamasına səbəb olur. Nəticədə qiymətlərdə bahalaşma müşahidə edilir. Son günlər havanın küləkli keçməsi də meyvə-tərəvəz məhsullarının qiymətlərinə təsirsiz ötüşməyəcək. Hazırda tozlanma dövrü olmasa da, yaz əkin mövsümündə yağıntıların çox olması və güclü küləklər səpin və tozlanma prosesinə mənfi təsir göstərir. Xüsusilə suvarmadan sonra müşahidə olunan güclü küləklər tərəvəz sahələrinə ciddi ziyan vurur. Bu da yerli istehsalın azalmasına, nəticədə isə bazarda qiymətlərin yüksəlməsinə səbəb olur."
İqtisadçı əlavə edib ki, küləkli və yağıntılı hava şəraiti taxıl sahələrinə də ciddi zərər vurur.
"Belə hava şəraiti buğda və arpanın biçinini çətinləşdirir, məhsulun zay olmasına və itkilərin artmasına səbəb olur. Sahələrin vaxtında biçilməməsi məhsul tədarükünə də mənfi təsir göstərir. Bu il hava şəraiti səbəbindən yerli istehsalda azalmanın təsirləri qış aylarında daha aydın hiss olunacaq. Böyük ehtimalla, qış mövsümündə bazarda bəzi məhsullar üzrə həm qıtlıq, həm də qiymət artımı müşahidə edilə bilər", – deyə R.Abbasbəyli bildirib.


