İnsansı robotların real iş mühitinə hazırlanması üçün xüsusi təlim mərkəzləri fəaliyyətə başlayıb.
Demokrat.az xəbər verir ki, süni intellekt və robot texnologiyalarının sürətli inkişafı nəticəsində insansı robotlar artıq laboratoriyalardan çıxaraq real iş mühitində sınaqdan keçirilir və müxtəlif peşələr üzrə hazırlanırlar.
ABŞ-nin Texas ştatında fəaliyyət göstərən "Robot Park" adlı mərkəzdə yüzlərlə insansı robot logistika, istehsalat və pərakəndə satış sahələri üçün xüsusi təlim keçir. Burada onlara gələcəkdə yerinə yetirəcəkləri iş prosesləri öyrədilir.
Təlimlər zamanı robotlar qutuların daşınması, məhsulların çeşidlənməsi, rəflərin yığılması, qablaşdırma, inventarın yoxlanılması və qapıların açılması kimi əməliyyatları dəfələrlə təkrarlayırlar. Bundan əlavə, onlar qeyri-bərabər səthlərdə hərəkət etməyi, əşyaları götürüb yerinə qoymağı və insanların işlədiyi mühitdə təhlükəsiz fəaliyyət göstərməyi də öyrənirlər.
Mütəxəssislərin fikrincə, 2026-cı il insansı robotların prototip mərhələsindən geniş tətbiq mərhələsinə keçid ili ola bilər. Proqnozlara görə, yaxın illərdə bu robotlardan sənaye, logistika və xidmət sektorlarında daha geniş istifadə olunacaq.


