ABŞ-də aparılan yeni araşdırma dəniz suyundan litium, maqnezium və digər kritik mineralların səmərəli şəkildə əldə edilməsinə imkan verə biləcək texnologiyanı gündəmə gətirib.
Demokrat.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Enerji Nazirliyinin dəstəyi ilə Sakit Okean Şimal-Qərb Milli Laboratoriyasında (PNNL) aparılan tədqiqata əsasən, dünya okeanlarındakı suyun cəmi 0,1 faizində mövcud olan minerallar bəşəriyyətin təxminən 50 min illik tələbatını ödəyə bilər.
Alimlər "paralel axınlı reaktor" sistemi vasitəsilə dəniz suyundan yüksək təmizlik dərəcəsinə malik maqnezium-hidroksid əldə ediblər. Hesablamalara görə, bu texnologiya Kaliforniya ştatının Karlsbad (Carlsbad) şəhərindəki duzsuzlaşdırma qurğusunda tətbiq olunarsa, gündə təxminən 524 min kiloqram maqnezium-hidroksid istehsal etmək mümkün olacaq.
Tədqiqatçılar bildirirlər ki, istehsal prosesi zamanı əldə olunan əlavə məhsullardan da sənaye və akvakultura sahələrində istifadə etmək mümkündür. Bu isə texnologiyanın iqtisadi səmərəliliyini daha da artırır.





