Sağlamlıq Özəl

Yayda zəhərlənmə riski ən yüksək olan qidalar açıqlandı

Yayda zəhərlənmə riski ən yüksək olan qidalar açıqlandı

Yay aylarında havaların isti keçməsi qidaların daha tez xarab olmasına və düzgün saxlanılmadıqda sağlamlıq üçün risk yaratmasına səbəb olur. Xüsusilə açıq havada satılan, uzun müddət otaq temperaturunda qalan və tez xarab olan məhsullar qida zəhərlənməsi riskini artırır. Buna görə də yay mövsümündə qida seçiminə və saxlanma qaydalarına xüsusi diqqət yetirilməsi tövsiyə olunur.

Yay aylarında sağlamlıq üçün risk yarada biləcək əsas qidalar hansılardır?

Demokrat.az-a bu barədə açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə görə, yüksək risk qrupuna aid olan qidalar var ki, bu qidalar yay mövsümündə, xüsusilə də temperaturun yüksək olduğu vaxtlarda daha tez xarab olmağa meyillidir:

Yayda zəhərlənmə riski ən yüksək olan qidalar açıqlandı

“Bu qidaların tərkibində mikroorqanizmlər, xüsusilə bakteriyalar, viruslar və kif asanlıqla çoxala bildiyi üçün zəhərlənmə riski yaranır. Ona görə də bir çox qidaları istər çiy, istərsə də bişirilmiş şəkildə saxlayarkən mütləq soyuq qida zəncirinə diqqət etmək lazımdır. Xüsusilə heyvan mənşəli qidalar zülal tərkibli olduğuna görə daha tez xarab olmağa meyillidir. Birinci yerdə hər zaman ət və ət məhsulları gəlir. Buraya istər çiy ət, istər ət məhsulları, istərsə də bişmiş ət daxildir. Bu məhsulların düzgün şəkildə mühafizə olunması təmin edilməlidir. Həmçinin bişirilərkən yalnız istehlak olunacağı qədər hazırlanması tövsiyə olunur. Bişirməyə hazırlıq zamanı çiy məhsulla təmasda olan doğrama lövhələri və bıçaqlar təmiz olmalı, bişdikdən sonra da sanitar-gigiyena qaydalarına əməl edilməlidir. Digər riskli məhsullar süd və süd məhsullarıdır. Onlar da daha tez xarab olmağa meyilli olduqları üçün mənşəyi bəlli olan yerlərdən alınmalıdır. Əgər məhsul keyfiyyətli, təbii və konservantsızdırsa, daha tez xarab ola biləcəyi üçün təzə halda istehlak edilməli və soyuducuda saxlanılmasına diqqət yetirilməlidir. Balıq və dəniz məhsulları da hər zaman risk qrupundadır. Buna görə də bu məhsulları alarkən və istehlak edərkən diqqətli olmaq lazımdır”.

Mütəxəssis əlavə edib ki, həm çiy, həm də bişmiş yumurta, yumurtalı souslar, mayonezlər, eləcə də yumurtadan hazırlanan şirniyyatlar, xüsusilə kremlərdən hazırlanan və ya çizkeyk, tiramisu kimi məhsullar da tez xarab olmağa meyillidir:

“Buna görə də həmin məhsulların təzə olmasına və soyuq temperaturda saxlanılmasına diqqət edilməlidir. Mövsümündə olmayan meyvə-tərəvəzləri alarkən və saxlayarkən də diqqətli olmaq lazımdır. Çünki mövsümündə yetişmədiyinə görə onların yetişdirilməsində istifadə olunan süni istilik, kimyəvi maddələr, gübrələr və hormonlar bir çox insanlarda, xüsusilə azyaşlılarda, yaşlılarda, xroniki xəstəliyi olan şəxslərdə, hamilə və südverən qadınlarda, eləcə də immun sistemi zəif olan insanlarda risk yarada bilər. Bu səbəbdən həmin şəxslərə belə məhsulların istehlakı tövsiyə olunmur. Bundan başqa, yerli və mövsümi meyvə-tərəvəzlər də yuyulmadan qəbul olunursa və ya qabığı yeyilməyən məhsullar yuyulmadan kəsilirsə, qabığın üzərində olan mikroorqanizmlər məhsulun içinə keçə bilər. Bu cür məhsullar müxtəlif salatlarda, smuzilərdə və meyvə salatlarında birlikdə istifadə edildikdə zəhərlənmə riski artır. Mütləq şəkildə hər bir məhsulu mənşəyi bəlli olan yerdən almaq lazımdır. Heç də hər zaman keyfiyyətsiz məhsul zəhərlənməyə səbəb olmur. Keyfiyyətli məhsul da düzgün saxlanılmadıqda onun tərkibində bakteriyalar sürətlə çoxalır və bu da zəhərlənməyə səbəb ola bilir. Qış mövsümündə bişirilmiş qidanı otaq temperaturunda iki saata qədər saxlamaq mümkün idisə, yayda bu müddət yarım saata qədər azalır. Hətta mümkündürsə, daha qısa müddətdə soyuducuya yerləşdirilməsi təmin olunmalıdır. Məhsulların saxlanıldığı qablar da önəmlidir. Çünki qabın materialı məhsulun tərkibinə təsir göstərə bilər. Məhsulları saxlamaq üçün emal olunmuş və ya şüşə qablardan istifadə edilməsi daha məqsədəuyğundur”.

Fidan Hacızadə

D
demokrat.az