Avto Özəl

Avtomobili olan sakinlər üçün gözlənilməz yenilik — Açıqlama

Avtomobili olan sakinlər üçün gözlənilməz yenilik — Açıqlama

Yaşayış və qeyri-yaşayış obyektləri (kompleksləri, zonaları) üçün parklanma yerlərinin minimal sayının məcburi kvotası təsdiq olunub. Nəzərdə tutulmuş tikinti obyektləri üçün parklanma yerlərinin əhalisi 50 min nəfərədək olan yaşayış məntəqələrində 50%, əhalisi 50-100 min nəfərədək olan yaşayış məntəqələrində isə 25% azaldılmasına yol veriləcək.

Bu dəyişiklik gələcəkdə parklanma çatışmazlığı riskini artıra bilərmi?

Nəqliyyat eksperti Raqif Raufoğlu Demokrat.az-a açıqlamasında bu qərarın öz təsirini göstərəcəyini söyləyib.

Onun sözlərinə görə, hətta bu addımın atılmasında gecikmişik:

“Əslində bunu daha əvvəl tətbiq etmək lazım idi. Çünki əsas problemlərdən biri odur ki, eyni ərazidə bir neçə bina, bütöv yaşayış kompleksi tikilir. Nəticədə həmin ərazidə minlərlə insan məskunlaşır. Məsələn, şərti olaraq kompleksdə 3-5 min mənzil varsa, demək olar ki, hər mənzilin ən azı bir avtomobili var və ya gələcəkdə olacaq. Bugünkü şəraitdə bunu nəzərə almamaq mümkün deyil. Lakin tikinti zamanı bu reallıq kifayət qədər nəzərə alınmır. Bəzi hallarda parklanma yerləri olsa da, onların qiyməti o qədər yüksək olur ki, sakinlər həmin yerlərdən istifadə edə bilmirlər. Nəticədə avtomobillər yol kənarlarında və digər uyğun olmayan ərazilərdə saxlanılır”.

Ekspert qeyd edib ki, bundan sonrakı layihələrdə bu məsələyə ciddi yanaşılmalıdır:

“Gec də olsa, bu addım müsbət dəyişiklik yarada bilər. Dünyada bu sahədə daha sərt qaydalar tətbiq edən ölkələr də var. Məsələn, Yaponiyada avtomobil almaq istəyən şəxsdən ilk növbədə şəxsi parklanma yerinin olması tələb olunur. Çünki məhdud ərazidə çox sıx əhali yaşayır və bu problemi başqa cür həll etmək mümkün deyil. Bizdə isə vəziyyət sürətlə dəyişdiyi üçün çevik qərarlar qəbul edilməlidir. Bu addım gecikmiş olsa da, hazırda tətbiq olunması parklanma çatışmazlığını və yol kənarlarında nizamsız şəkildə saxlanılan avtomobillərin sayını müəyyən qədər azalda bilər”.

Fidan Hacızadə

D
demokrat.az