Sosial Özəl

Qanun bu şəxsləri mirassız qoymağa imkan vermir — Açıqlama

Qanun bu şəxsləri mirassız qoymağa imkan vermir — Açıqlama

Miras bölgüsü ailədaxili münasibətlərdə ən çox mübahisə yaradan hüquqi məsələlərdən biri hesab olunur. Xüsusilə vəsiyyətnamənin tərtib edilməsi, mirasın kimə veriləcəyi və qanuni vərəsələrin hüquqları ilə bağlı suallar cəmiyyətdə tez-tez müzakirə olunur. Bəzən insanlar bütün əmlaklarını övladlarına deyil, başqa şəxslərə və ya xeyriyyə təşkilatlarına vəsiyyət etmək istəyirlər. Bu isə belə qərarların hüquqi qüvvəsi, qanunla müəyyən edilmiş məhdudiyyətlər və digər vərəsələrin bu qərara etiraz imkanları ilə bağlı müxtəlif suallar yaradır.

Azərbaycanda vəsiyyətnamə yazmaq mədəniyyəti nə dərəcədə yayılıb? İnsanın öz doğma övladını tamamilə mirasdan məhrum edib, bütün mülkünü tam yad birinə və ya xeyriyyə təşkilatına bağışlaması hüquqi cəhətdən nə dərəcədə mümkündür? Bu qərardan apellyasiya şikayəti vermək olarmı?

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında hüquqşünas Mehman Muradlı bildirib ki, Azərbaycanda vəsiyyətnamə vermə mədəniyyəti hələ tam formalaşmayıb:

"Bəzi ailələr vəsiyyətnamə tərtib edərək əmlakın bölgüsünü özləri müəyyən edir, bəziləri isə bu məsələni qanunun öhdəsinə buraxır. Qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik və qanun üzrə vərəsəlik olmaqla iki əsas rejim var. Vəsiyyət edən şəxs əmlakını istədiyi şəxsə istər yaxın qohumuna, istərsə də tamamilə kənar şəxsə vəsiyyət edə bilər, bu, onun sərbəst iradəsidir.

Bununla belə, qanunvericilik bir sıra hallarda məcburi pay institutunu nəzərdə tutur. Bu institut ümumi qayda olaraq bütün qanun üzrə vərəsələrə deyil, yalnız zəruri vərəsələrə şamil edilir. Bunlara vəfat edənin yetkinlik yaşına çatmamış övladları, əmək qabiliyyətini itirmiş övladları, həyat yoldaşı və əmək qabiliyyətini itirmiş valideynləri daxildir.

Vəsiyyətnamədə onların adı çəkilməsə belə, həmin şəxslər qanun üzrə alacaqları payın ən azı yarısını almaq hüququna malikdirlər. Burada söhbət vəsiyyət üzrə vərəsə ilə qanun üzrə vərəsə arasında hər zaman payın 1/2–1/2 nisbətində bölüşdürülməsindən deyil, zəruri vərəsələrin qanunla təmin edilmiş minimum məcburi pay hüququndan gedir.

Vəsiyyətnamə olmadıqda isə miras dərəcəli vərəsəlik qaydasında bölünür: birinci dərəcəli vərəsələr (övladlar, arvad/ər, valideynlər) varsa, miras onlara keçir. Belə vərəsə yoxdursa, ikinci dərəcəyə, o da yoxdursa, üçüncü dərəcəyə keçir və s.

Vərəsəlik işləri notariat qaydasında rəsmiləşdirilir, mübahisəli hallarda isə tərəflər məsələni məhkəmədə həll etdirə bilərlər. Qanun bu hüququ tanıyır.

Bu proses müddətində, hətta vərəsəliklə bağlı ləyaqətsiz vərəsə məsələsi də ortaya çıxa bilər. Ümumiyyətlə, vərəsəlik institutu çox geniş bir hüquq institutudur, əsrlər boyu formalaşıb təkmilləşən bir sahədir", - deyə Mehman Muradlı fikrini yekunlaşdırıb.

Nuray Paşşanlı

D
demokrat.az