Astara rayonunda qohumlar arasında yaranan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində yerləşən kafedə baş verib. 1983-cü il təvəllüdlü Altay ilə qohum və həmkəndlisi Fərman (adlar şərtidir – red.) arasında mübahisə yaranıb.
Mübahisə zamanı Altay qohumunun bədəninin müxtəlif nahiyəsinə qəsdən yumruq zərbəsi vurub, ona xəsarətlər yetirib.
Faktla bağlı Altayın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Altay ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Fərman ilə həm qohum, həm də həmkəndlidir, onunla münasibətləri normaldır:
“Məlum hadisə günü Astara şəhərinin mərkəzinə tərəf gedərkən Fərmanın Səncərəd kəndində yerləşən qəssabxanasının qarşısından keçdim. O, məni saxladı, səhər yeməyi olaraq xaş yeməyi təklif etdi. Onunla razılaşdım və birlikdə kafeyə çatdıqda xaş yeməyinin bitdiyini öyrəndik. Fərman əyləşərək başqa təam yeməyi təklif etdi. Lakin razılaşmadım. O, əyləşib yeməyə başladı. Özüm isə kənar stolda əyləşib çay içdim. Onunla eyni süfrədə əyləşməməyimin səbəbi Fərmanın spirtli içki qəbul etməsi olub”.
Təqsirləndirilən şəxs deyib ki, bir müddət sonra artıq Fərman öz-özünə danışaraq kənddəki qəhrəmanlardan birinin atasının əmisi qızını təhqir etməyə başlayıb: “Ona təhqir etməməsini dəfələrlə desəm də, sözlərimə məhəl qoymadı, mənimlə sözlə mübahisə etməyə başladı. Mübahisə daha da şiddətləndi, əlbəyaxa olduq. Bu zaman Fərmanın alın nahiyəsinə yumruq zərbəsi endirdim və kafeni tərk edərək yaşadığım evə getdim”.
Astara Rayon Məhkəməsinin hökmü ilə Altay 1000 manat məbləğində cərimə olunub.


