Türkiyəli aktrisa Eda Ece 2023-cü ildə keçirilən mükafatlandırma mərasimində zəlzələ bölgəsindəki seçki nəticələri ilə bağlı səsləndirdiyi və geniş tənqidlərə səbəb olan fikirlərinə görə yenidən üzr istəyib.
Demokrat.az xəbər verir ki, Haluk Levent və "Ahbap" Dərnəyi ilə bağlı aparılan araşdırmalar fonunda həmin çıxış yenidən gündəmə gəlib və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Eda Ece sosial media hesabında paylaşdığı açıqlamada həyatında heç vaxt "Ahbap" Dərnəyinə ianə etmədiyini, təşkilatın fəaliyyətində iştirak etmədiyini bildirib. Onun sözlərinə görə, yaxın dostunun illər əvvəl təşkilatla bağlı yaşadığı mənfi təcrübəyə görə bu quruma tam etibar edə bilməyib.
Aktrisa bildirib ki, zəlzələdən sonra aylarla yardım işlərində iştirak edib və həmin dövrdə gördüyü işlərə görə mükafat aldığını düşündüyü çıxış zamanı emosional vəziyyətdə zarafat etməyə çalışıb.
"Çıxışın sonunda özümü çox ağır hiss edirdim və zarafat etdim. Kaş ki, etməyəydim. Yalnız həmin cümləm paylaşıldı. Dilimi eşşək arısı sancsaydı. Bu sözləri dediyim üçün çox peşmanam. Belə bir ifadə işlətməməli idim", deyə Eda Ece vurğulayıb.
O bildirib ki, hadisədən sonra dəfələrlə təhqirlərə və linç kampaniyasına məruz qalıb, hətta hamilə olduğu dövrdə belə bu təzyiqlər davam edib. Aktrisa səhvinin fərqində olduğunu qeyd edərək bir daha üzr istəyib.
"Başda zəlzələdən zərər çəkən vətəndaşlar olmaqla incitdiyim hər kəsdən və dövlətimizdən üzr istəyirəm. İnsanların səsvermə hüququ ilə bağlı fikir bildirmək mənim həddim deyildi. Bir daha belə bir hörmətsizlik etməyəcəyəm. Məni bağışlamağınızı xahiş edirəm", deyə o əlavə edib.


