Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin elan etdiyi satınalmanın ehtimal olunan qiyməti 2 milyon 499 min 299 manatdır. Tender sənədlərinə əsasən, bu çərçivədə üç əsas istiqamət üzrə xidmətlərin göstərilməsi nəzərdə tutulur: təhsil müəssisələri üçün süni intellekt əsaslı davamiyyət və giriş-çıxışa nəzarət platformasının hazırlanması, şagirdlər üçün adaptiv və fərdiləşdirilmiş öyrənmə, müəllimlər üçün isə avtomatlaşdırılmış qiymətləndirmə platformasının yaradılması planlaşdırılır.
Tender təhsil sahəsinə nə kimi yeniliklər gətirə bilər? Hər hansı risk halı gözləniləndirmi?
Təhsil eksperti Əmrah Həsənli Demokrat.az-a açıqlamasında söyləyib ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin elan etdiyi bu tender dövlətimizin təhsil sahəsində həyata keçirdiyi qlobal rəqəmsallaşma və innovasiya siyasətinin məntiqi davamıdır.
Ekspertin sözlərinə görə, bu gün dünyanın qabaqcıl ölkələri təhsilin idarə olunmasında süni intellekt texnologiyalarına sürətlə keçid edirlər:
“Azərbaycan da bu prosesdən kənarda qalmamalı, rəqəmsal trendləri vaxtında mənimsəməlidir. Bu baxımdan sözügedən təşəbbüs strateji əhəmiyyət daşıyan mühüm addımdır. Təxminən 2,5 milyon manat dəyərində olan bu investisiya mahiyyət etibarilə sadəcə proqram təminatının satın alınması deyil. Bu, Azərbaycan təhsilinin gələcəyinə və insan kapitalına yatırılan strateji sərmayədir. Layihə çərçivəsində nəzərdə tutulan üç əsas istiqamət təhsil sistemində səmərəliliyin fundamental şəkildə artırılmasına xidmət edir. İlk növbədə, adaptiv öyrənmə platforması vasitəsilə təhsildə fərdiləşdirmə və bərabər imkanlar mühiti formalaşacaq. Süni intellekt hər bir şagirdin qavrama sürətini, güclü və zəif tərəflərini fərdi qaydada təhlil edərək ona uyğun tədris materialları təqdim edəcək. Bu da ölkə üzrə təhsilin keyfiyyətinin daha da yüksəldilməsi və imkanların bərabərləşdirilməsi baxımından mühüm alət olacaq. Eyni zamanda, avtomatlaşdırılmış qiymətləndirmə platforması müəllimlərin vaxtını alan yoxlama, hesabat və digər inzibati işləri öz üzərinə götürərək onların iş yükünü əhəmiyyətli dərəcədə azaldacaq. Bunun nəticəsində müəllimlər daha çox yaradıcı fəaliyyətə və şagirdlərlə fərdi işləməyə vaxt ayıra biləcəklər. Bu addımı gələcəkdə tətbiqi nəzərdə tutulan “milli müəllim” və “vahid müəllim” modelinin dəstəklənməsi baxımından da mühüm hesab etmək olar”.
Əmrah Həsənlinin fikrincə, bununla yanaşı, giriş-çıxış və davamiyyətə nəzarət sistemi məktəblərdə təhlükəsizlik mühitini gücləndirməklə yanaşı, idarəetmədə şəffaflığı və hesabatlılığı artıracaq, insan amilindən asılılığı minimuma endirəcək:
“Təhsil sahəsində aparılan islahatlarda bunun ilkin nəticələrini artıq görmək mümkündür. Hər bir böyük dövlət layihəsində olduğu kimi, burada da yüksək səmərəliliyin qorunması üçün növbəti mərhələlərdə müəyyən funksional məqamlara diqqət yetirilməlidir. Bunları risk kimi deyil, layihənin effektivliyini artıracaq qabaqlayıcı tədbirlər kimi qiymətləndirmək daha doğru olar. Platformaların ölkə üzrə eyni səviyyədə nəticə verməsi üçün regionlarda rəqəmsal infrastrukturun daha da gücləndirilməsi vacibdir. Dövlətin bu istiqamətdə apardığı ardıcıl siyasət süni intellekt əsaslı xidmətlərin ucqar kənd məktəblərində də uğurla tətbiqinə imkan yaradacaq və prosesin daha sürətli həyata keçirilməsinə təkan verəcək. Həmçinin, sistemin məktəblərdə tam mənimsənilməsi üçün müəllimlərə genişmiqyaslı metodiki dəstəyin göstərilməsi də vacibdir. Bu, onların süni intellekti rəqib kimi deyil, ən yaxın köməkçi kimi qəbul etməsinə şərait yaradacaq. Çünki uzun illərin təcrübəsinə malik bəzi müəllimlər hələ də yeni texnologiyalara ehtiyatla yanaşırlar. Halbuki texnologiya müəllimin işini əvəz etmək üçün deyil, onu daha səmərəli etmək üçün nəzərdə tutulub və gələcəkdə onların ən etibarlı köməkçilərindən birinə çevrilə bilər.
Yekun olaraq qeyd etmək istərdim ki, bu tender dövlətin gələcəyə baxışını və Azərbaycan təhsilini dünyanın ən müasir standartlarına çatdırmaq iradəsini nümayiş etdirir. Ümumilikdə dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaitlər də bu istiqamətə verilən önəmin göstəricisidir. Təxminən 2,5 milyon manatlıq bu layihə də təhsil islahatlarına ayrılan resursların miqyasını bir daha ortaya qoyur. İnanıram ki, yaxın illərdə bu cür layihələrin nəticəsində Azərbaycan məktəblərinin siması və tədris keyfiyyəti daha müsbət istiqamətdə dəyişəcək”.


