İqtisadiyyat Özəl

Məşhur alış-veriş saytını nə gözləyir? — Açıqlama

Məşhur alış-veriş saytını nə gözləyir? — Açıqlama

“Temu” platformasının fəaliyyətində ciddi qanun pozuntuları ilə bağlı şübhələr yaranıb. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bununla əlaqədar rəsmi araşdırmaya start verib. Qurum platformanın sahibi olan “PDD Holdings” şirkətinə qarşı icraat başladıb. Araşdırma rəqabət qanunvericiliyinin mümkün pozulması faktı əsasında aparılır. Şirkətin Rəqabət Məcəlləsinin müvafiq tələblərini pozduğu ehtimal olunur. İddialar arasında bazarda əsassız yüksək və ya aşağı qiymətlərin tətbiqi də yer alır.

Azərbaycanın yeni Rəqabət Məcəlləsinə əsasən, ölkədə fiziki nümayəndəliyi olmayan xarici rəqəmsal platformaya qarşı hansı hüquqi və inzibati sanksiyalar tətbiq edilə bilər? Əgər rəqabət qanunvericiliyinin pozulması rəsmən sübuta yetirilərsə, “PDD Holdings” şirkətini Azərbaycanda hansı cərimələr və ya məhdudiyyətlər gözləyir?

Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Temu” platformasının sahibi olan “PDD Holdings” şirkəti barəsində rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə araşdırmaya başlanılması Azərbaycan rəqabət hüququ baxımından xüsusi əhəmiyyət kəsb edən hadisədir:

“İlk növbədə qeyd edim ki, iş üzrə araşdırmanın başlanılması şirkətin hüquq pozuntusuna yol verməsi faktının müəyyən edilməsi demək deyil. Bu mərhələdə söhbət yalnız Rəqabət Məcəlləsinin tələblərinin pozulmasına dair şübhələrin araşdırılmasından gedir və yekun hüquqi nəticə yalnız səlahiyyətli orqanın qərarı ilə müəyyən edilə bilər. Bununla belə, araşdırma nəticəsində “PDD Holdings” şirkətinin hökmran mövqedən sui-istifadə etməsi, o cümlədən rəqabəti pozan qiymət siyasəti tətbiq etməsi və ya bazarda rəqabətin məhdudlaşdırılmasına yönəlmiş davranışlara yol verməsi sübuta yetirilərsə, şirkət Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində nəzərdə tutulmuş hüquqi məsuliyyət tədbirləri ilə üzləşə bilər.

Azərbaycanın yeni Rəqabət Məcəlləsi yalnız ölkə daxilində qeydiyyatdan keçmiş təsərrüfat subyektlərinə deyil, fəaliyyəti Azərbaycan bazarına təsir göstərən xarici şirkətlərə də şamil olunur. Başqa sözlə, şirkətin Azərbaycanda filialının, nümayəndəliyinin və ya hüquqi şəxsinin olmaması onu rəqabət qanunvericiliyinə riayət etmək öhdəliyindən azad etmir. Müasir rəqabət hüququnda əsas meyar şirkətin qeydiyyat ölkəsi deyil, onun fəaliyyətinin konkret bazara göstərdiyi iqtisadi təsirdir. Əgər qanun pozuntusu rəsmən müəyyən edilərsə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şirkətə qarşı rəqabətə zidd davranışların dayandırılması, qiymət siyasətinin dəyişdirilməsi, qanunsuz kommersiya təcrübələrinin aradan qaldırılması barədə məcburi göstərişlər verə, habelə qanunvericilikdə nəzərdə tutulmuş maliyyə sanksiyalarının tətbiqi məsələsinə baxa bilər. Bundan əlavə, pozuntunun nəticələrinin aradan qaldırılmasına yönəlmiş digər hüquqi tədbirlərin tətbiqi də istisna olunmur.

Şirkətin Azərbaycanda fiziki nümayəndəliyinin olmaması qəbul ediləcək qərarın hüquqi qüvvəsini aradan qaldırmır. Lakin bu hal qərarın icrası mexanizmlərini daha mürəkkəb edə bilər. Belə hallarda dövlət orqanları qanunvericilikdə nəzərdə tutulmuş daxili və beynəlxalq hüquqi mexanizmlərdən istifadə etməklə qəbul edilmiş qərarın icrasını təmin etməyə çalışırlar”.

Hüquqşünas əlavə edib ki, hazırkı mərhələdə “Temu” platformasının fəaliyyətinin dayandırılması, ölkədə bloklanması və ya bazardan çıxarılması barədə hər hansı hüquqi nəticə çıxarmaq düzgün olmaz:

“Belə tədbirlər yalnız qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olduqda və səlahiyyətli dövlət orqanlarının müvafiq qərarları əsasında tətbiq edilə bilər. Bu araşdırmanın yekunu Azərbaycan rəqabət hüququnun rəqəmsal iqtisadiyyata tətbiqi baxımından mühüm presedent formalaşdıra bilər. Xüsusilə qlobal elektron ticarət platformalarının qiymət siyasətinə, bazar davranışına və rəqabət qaydalarına əməl etməsinə dair gələcək hüquqi yanaşmanın müəyyən edilməsində bu iş xüsusi əhəmiyyət daşıyır”.

Fidan Hacızadə

D
demokrat.az