Gavalı təkcə vitaminlər və antioksidantlarla zəngin deyil, araşdırmalara görə, qan şəkərinin tənzimlənməsində və qan damarlarının sağlamlığının qorunmasında da mühüm rol oynaya bilər.
Demokrat.az xəbər verir ki, bu barədə “Egeszseg Kalauz” nəşri yazır.
Bununla belə, məqalədə vurğulanır ki, bu, şəkərli diabeti olan insanların gavalını məhdudiyyətsiz miqdarda istehlak edə biləcəyi anlamına gəlmir.
Mütəxəssislərin fikrincə, bütöv gavalı şəkərli diabetdən əziyyət çəkən insanların qida rasionuna daxil edilə bilər. Səbəb isə onun tərkibindəki lifin şəkərin sorulmasını ləngitməsidir. Lakin əsas şərt bu meyvənin ölçülü miqdarda qəbul edilməsidir.
Gavalının faydalı xüsusiyyətləri
Bu meyvə C və K vitaminləri, kalium, həmçinin çoxsaylı bitki mənşəli bioaktiv maddələr, xüsusilə polifenollarla zəngindir. Bundan əlavə, onun tərkibində həzmi yaxşılaşdıran və yeməkdən sonra qan şəkərinin daha yavaş yüksəlməsinə kömək edə bilən yüksək miqdarda lif var.
Məqalədə qeyd olunur ki, gavalının tərkibindəki antioksidantlar ürək-damar xəstəlikləri də daxil olmaqla bir çox xroniki xəstəliyin inkişafında rol oynayan oksidləşdirici stressin azalmasına kömək edə bilər.
Gavalının tərkibində təbii şəkərlər olsa da, onun qlisemik indeksi nisbətən aşağıdır.
Lif sayəsində tərkibindəki karbohidratlar daha yavaş mənimsənilir. Bu isə əlavə şəkər tərkibli şirniyyatlarla müqayisədə qan şəkərində daha az kəskin dəyişikliklərə səbəb ola bilər.
Bəzi araşdırmalar göstərir ki, gavalının tərkibindəki bitki mənşəli birləşmələr insulinə həssaslığı artıra bilər. Bununla belə, bu təsirin dəqiq mexanizmləri hələ də araşdırılır.
Qan damarları üçün faydaları
Nəşrin yazdığına görə, ürək-damar sisteminin sağlamlığı qan şəkərinin səviyyəsi ilə sıx əlaqəlidir.
Gavalının tərkibindəki polifenollar iltihabəleyhinə və antioksidant xüsusiyyətləri sayəsində qan damarlarının sağlamlığının qorunmasına töhfə verə bilər. Tərkibindəki kalium isə normal arterial təzyiqin saxlanmasına kömək edir.
Bir çox insan karbohidratla zəngin qidadan sonra qəfil yuxululuq və yorğunluq hiss etdiyini bildirir. Bunun səbəblərindən biri qan şəkərinin əvvəlcə sürətlə yüksəlməsi, daha sonra isə kəskin enməsidir.
Nəşr bildirir ki, şirniyyat əvəzinə liflə zəngin meyvələr, o cümlədən gavalı seçildikdə qan şəkərində kəskin dalğalanmaların ehtimalı azalır. Nəticədə günün ikinci yarısında enerji səviyyəsi daha sabit qala bilər.
Mütəxəssislər ilk növbədə təzə gavalının istehlakını tövsiyə edirlər. Qurudulmuş gavalı da faydalı məhsul hesab olunsa da, onun tərkibində suyun miqdarı xeyli az olduğundan eyni həcmdə daha çox şəkər və kalori ehtiva edir.
Məqalədə qeyd olunur ki, gavalını təbii halda istehlak etmək, həmçinin onu qoz-fındıq, toxumlar və ya təbii yoqurtla birlikdə yemək karbohidratların mənimsənilməsini daha da ləngidə bilər.
Ekspertlər vurğulayırlar ki, şəkərli diabet zamanı meyvələrdən tamamilə imtina etmək lazım deyil. Əsas məsələ porsiya ölçüsünə riayət etmək və meyvələri gündəlik karbohidrat qəbulunda nəzərə almaqdır.
Jalə Demokrat.az


