Sosial Özəl

Qəzaların artmasının əsas səbəbi açıqlandı

Qəzaların artmasının əsas səbəbi açıqlandı

Son günlər ölkənin müxtəlif bölgələrində baş verən yol-nəqliyyat hadisələrinin sayında artım ictimai narahatlığı daha da gücləndirib. Ağır nəticələrlə müşayiət olunan qəzalar bir daha yol hərəkəti təhlükəsizliyi məsələsini gündəmin əsas mövzularından birinə çevirib. Sürət həddinin aşılması, diqqətsizlik, yol hərəkəti qaydalarının pozulması və sürücülərin məsuliyyətsiz davranışı bu cür hadisələrin əsas səbəbləri sırasında yer alır.

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a bildirib ki, mövcud yol hərəkəti qanunvericiliyində, xüsusilə də bəzi maddələrin tətbiqi və hazırkı cərimə sistemi ilə yol-nəqliyyat hadisələrinin sayını əhəmiyyətli dərəcədə azaltmaq çətin görünür:

“Əslində, qəzaların sayının azaldılması üçün ölkədə konkret yol xəritəsi mövcud olub. Söhbət 2019–2023-cü illəri əhatə edən "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı"ndan gedir. Həmin proqramın əsas məqsədlərindən biri beş il ərzində müxtəlif tədbirlərin həyata keçirilməsi və bunun nəticəsində ölkədə baş verən yol-nəqliyyat hadisələrinin sayının ən azı 30 faiz azaldılması idi. Təəssüf ki, proqramın nəzərdə tutulan tədbirləri tam şəkildə icra olunmadı”.

O qeyd edib ki, məhz bu səbəbdən də bu gün yol-nəqliyyat hadisələrinin sayının azaldılması istiqamətində ciddi çətinliklərlə üzləşirik:

“İlk növbədə, yol-nəqliyyat hadisələrinin baş vermə səbəbləri təhlil edilməlidir. Təhlillər göstərir ki, qəzaların əsas səbəbi yol hərəkəti iştirakçılarının qaydaları bilərəkdən pozmasıdır. Bundan əlavə, yol infrastrukturunun qənaətbəxş vəziyyətdə olmaması, işıqlandırılmayan yollar, eləcə də çala-çuxurlu yol örtüyü də qəza riskini artıran əsas amillər sırasındadır”.

Leyla Turan

D
demokrat.az