Maraqlı Özəl

Döşəmə uzun müddət xoş ətir verəcək: Suya cəmi iki damcı əlavə edin

Döşəmə uzun müddət xoş ətir verəcək: Suya cəmi iki damcı əlavə edin

Döşəmə yuyulduqdan dərhal sonra evdə yaranan təmizlik qoxusu əksər hallarda qısa müddət ərzində yox olur.

Demokrat.az dom.wprost.pl saytına istinadən xəbər verir ki, bunun səbəbi döşəmə yuyucu vasitələrinin tərkibindəki ətirləndirici maddələrin tez buxarlanmasıdır.

Lakin evdə xoş ətrin daha uzun müddət qalmasını təmin edən sadə üsul var. Bunun üçün yuyucu suya cəmi bir neçə damcı efir yağı əlavə etmək kifayətdir.

Adətən, döşəmə yuyucu vasitəsi ilə birlikdə bir vedrə suya 2–3 damcı efir yağı əlavə etmək tövsiyə olunur.

Bunun üçün aşağıdakı efir yağlarından istifadə etmək olar:

* Lavanda yağı – sakitləşdirici təsir göstərir və uzunmüddətli ətir yaradır. * Limon və ya portağal yağı – təravətli qoxu verir, lakin ətri daha qısa müddət qalır. * Evkalipt yağı – təmizlik hissi yaradır və tez-tez otellərdə, eləcə də spa mərkəzlərində istifadə olunur.

Mütəxəssislər efir yağından normadan artıq istifadə etməməyi tövsiyə edirlər. Həddindən artıq yağ döşəmədə ləkə və izlər yarada, həmçinin səthi sürüşkən edə bilər.

Evdə pişik və ya it saxlayanlar bu üsuldan istifadə etməzdən əvvəl seçdikləri efir yağının ev heyvanları üçün təhlükəsiz olub-olmadığını yoxlamalıdırlar. Çünki bəzi təbii yağlar heyvanlarda qıcıqlanmaya səbəb ola bilər.

Niyə bəzi döşəmələrdə qoxu daha uzun qalır?

Taxta və laminat döşəmələr məsaməli quruluşa malik olduqları üçün qoxu molekullarını daha uzun müddət saxlaya bilir. Keramik plitələr isə hamar səthə malik olduğundan qoxunu daha tez itirir.

Bundan başqa, otaqdakı temperatur, rütubət səviyyəsi və havalandırmanın tezliyi də ətrin qalma müddətinə təsir göstərir. Hava nə qədər tez-tez dəyişirsə, qoxu da bir o qədər sürətlə yox olur.

Təmizlik mütəxəssisləri başqa bir məsləhət də verirlər. Onların sözlərinə görə, döşəmə yaxşı sıxılmış şvabra ilə silindikdə xoş qoxu daha uzun müddət qalır. Həddindən artıq su isə döşəmənin gec qurumasına və ətirləndirici maddələrin daha tez buxarlanmasına səbəb olur.

Parça yumşaldıcısından istifadə etmək olarmı?

Bu üsul internetdə geniş yayılsa da, bütün döşəmə növləri üçün uyğun deyil. Parça yumşaldıcısından əsasən keramik plitələrdə istifadə etmək tövsiyə olunur. Laminat, taxta və ya vinil döşəmələrdə isə o, nazik qat əmələ gətirərək izlərin yaranmasına və döşəmə örtüyünün vəziyyətinin pisləşməsinə səbəb ola bilər.

Bundan əvvəl dizaynerlər ən uğursuz hesab edilən beş növ döşəmə örtüyünü və onlara daha uğurlu alternativləri açıqlamışdılar.

Jalə Demokrat.az

D
demokrat.az