Kriminal Özəl

"Ərimi Zülfiyyənin maşınından düşəndə gördüm" — Bakıda qadınlar arasında saçyoldu

Ərimi Zülfiyyənin maşınından düşəndə gördüm — Bakıda qadınlar arasında saçyoldu

Bakının Qaradağ rayonunda 33 yaşlı qadın həyat yoldaşı ilə münasibətdə olan şəxsə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Cırtdan Park” adlı ərazinin yaxınlığında baş verib.

1993-cü il təvəllüdlü Yardımlı rayon sakini Almaz “Mercedes Benz” markalı avtomobilin salonunda tanışı Zülfiyyə (adlar şərtidir – red.) ilə mübahisə edib.

Aralarında yaranmış sözlü mübahisə zamanı o, Zülfiyyənin sol qulaq nahiyəsindəki sırğadan dartıb və sol diz nahiyəsinə qəsdən əl zərbəsi vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı Almazın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Almaz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, qeyri-rəsmi nikahda olduğu əri və 2 azyaşlı övladı ilə birlikdə yaşayır:

“Zərərçəkmiş Zülfiyyə ilə bir neçə dəfə telefon vasitəsilə əlaqə saxlamışam və onun ərimdən uzaqlaşması barədə xəbərdarlıq etmişəm. Məlum hadisə günü, saat 13 radələrində Lökbatan qəsəbəsində yerləşən parka uşaqlarımı apararkən Zülfiyyəyə məxsus avtomobildə ərim Mahmudun əyləşdiyini gördüm. Ərimin avtomobildən çıxdığını gördükdə ön qapıdan avtomobilə daxil oldum və Zülfiyyəni vurdum”.

Təqsirləndirilən şəxs ifadəsində törətdiyi əməldən peşman olduğunu bildirib. O, əməlinin böyük ictimai təhlükə törətməyən olduğunu, himayəsində olan iki azyaşlı övladının nəzərə alınmasını, barəsində amnistiya aktının tətbiq edilməsini istəyib.

Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edib və göstərib ki, Mahmud onu atası ilə tanış etmək üçün Lökbatan qəsəbəsinə gətirib: “Biz Lökbatan qəsəbəsində yerləşən parkın yanında avtomobildə söhbət etdik. Bir az sonra Mahmud maşından düşərək uzaqlaşdı. Bu vaxt Almaz maşına daxil olaraq məni döydü və müxtəlif xəsarətlər yetirdi. Hadisə vaxtı maşının sağ güzgüsü də qırıldı”.

Zərərçəkmiş şəxs ifadəsinin sonunda təqsirləndirilən şəxs ilə barışmadığını bildirib, ona cəza verilməsini xahiş edib.

Qaradağ Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində amnistiya aktı tətbiq edilib, onun barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

D
demokrat.az