Bakının Suraxanı rayonunda 45 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin sentyabrın 25-də baş verib. 1981-ci il təvəllüdlü Cəlil birgə yaşadıqları mənzildə həyat yoldaşı Səlimənin atası Xalidə olan 22000 manat borcunu qaytarması barədə bildirməsinə görə yaranmış şəxsi narazılıq zəminində aralarında baş vermiş mübahisə zamanı ona yumruqla vuraraq xəsarət yetirib.
Faktla bağlı Cəlilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Cəlil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Səlimə ilə 2004-cü ildən ailə qurub və həmin nikahdan Cahid adlı bir oğlu var:
“Səlimə ilə münasibətlərimiz əvvəl normal olub, aramızda münaqişə, düşmənçilik olmayıb. 2024-cü ilin yay ayından Səlimə mənə cavab qaytardı, “sən kimsən?” dedi. Bundan sonra, təxminən həmin ilin iyun ayından əşyalarını, yəni şəxsi sənədlərimi götürərək birlikdə yaşadığımız evdən getdim”.
Təqsirləndirilən şəxs deyib ki, əvvəllər qayınatası Xırdalan şəhərində onlara ev verib, 2012-ci ildə onlar həmin evi satıblar:
“Əlavə olaraq mən də pul qoyaraq Yeni Günəşli qəsəbəsində yerləşən evi aldıq. Odur ki, evdən çıxdıqdan sonra həmin ünvana bir daha qayıtmadım. Həmin ev qayınatam Xalidin adına olub. Evi alanda pulun bir hissəsini özüm vermişəm, çox hissəsini Xalid verib. Ona görə də ev Xalidin adında qalıb”.
Cəlilin ifadəsinə görə, təxminən 2024-cü ilin oktyabr ayının əvvəllərində Səlimə onun barəsində şikayət edib:
“Şikayətində göstərib ki, guya onu döymüşəm. Lakin, keçmiş həyat yoldaşım Səlimənin dediyi vaxt, yəni 25 sentyabr 2024-cü il tarixdə Yeni Günəşli qəsəbəsində olmamışam. Keçmiş həyat yoldaşımı vurmamışam, döyməmişəm. Həmin vaxt ana və atamın evində olmuşam. Həmin tarixdə oğlum Cahidlə mobil telefonla danışmışam. Cahid sürücülük vəsiqəsi almaq üçün imtahan verməli idi. Ona bildirdim ki, gəlsin yanıma, buradan imtahana birlikdə gedək. Cahidlə telefonla danışanda o, evdə olduğunu dedi. Özüm isə həmin vaxt Biləcəri qəsəbəsində anamgilin evində idim”.
Təqsirləndirilən şəxs bildirib ki, hadisə günü Suraxanı qəsəbəsi ərazisində olmayıb:
“İş günü idi, mən də həmin gün Nizami rayonunda yerləşən iş yerimdə olmuşam. 2024-cü ilin iyun ayından Səlimə ilə danışmamışam, sonuncunun yaşadığı evə də getməmişəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü ilin oktyabrın 11-də oğlu Cahidlə Türkiyə Respublikasına getməli idi, lakin getmədən əvvəl ona axtarışda olduğunu deyiblər:
“Polis mənimlə əlaqə saxladıqda məlumatım oldu ki, Səlimə məni şikayət edib. Səlimənin atasına borcum yoxdur. Lakin problem yaranmaması üçün Səliməyə 4000 manat verməyi təklif etdim. Bununla razılaşdı. Daha sonra Cahidlə Türkiyə Respublikasına getdim. Orada olan zaman Səlimə yenidən zəng edərək, mənə qarşı böhtan atmağa başladı. Buna görə də aramızda olan razılaşma pozuldu və mən Türkiyədən qayıdanda boşanma ilə bağlı məhkəməyə rəsmi müraciət etdim, biz boşandıq. Yeni Günəşli qəsəbəsində yerləşən ev ilə bağlı heç bir tələbim olmayıb”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, məhkəmə tibbi ekspertizasının rəyi ilə tanış olub:
“Lakin Səliməyə heç bir xəsarət yetirməmişəm. Onun xəsarəti hansı şəraitdə alması barədə məlumatım da yoxdur. Səlimənin arasında ədavəti olan və ya mübahisəsi yarana biləcəyi başqa şəxsin olmasından məlumatım yoxdur. Oğlum Cahidlə münasibətlərimiz yaxşıdır. Cahid nə üçün əleyhimə ifadə verməsini öyrənmək üçün onunla danışmışam. O, bildirib ki, anası və babası ona təsir edib, ev və maşın alacaqlarını vəd ediblər. İş üzrə şahid Əlini tanıyıram. O, Cahidin dostudur. O, Yeni Günəşli qəsəbəsində yaşamır, bizimlə qonşu da deyil”.
İş üzrə zərərçəkmiş Səlimənin sözlərinə görə, təxminən 18 il bundan əvvəl Cəlil ilə ailə qurub:
“Təxminən 25 sentyabr 2024-cü ilə qədər həyat yoldaşım Cəlil və oğlum Cahid ilə yaşamışıq. Əvvəl Cəlil ilə münasibətlərimiz yaxşı olub. Lakin sonradan Cəlilin qohumlarının sözü ilə münasibətlərimiz pozuldu. Cəlilin atama təxminən 22000 manat borcu əmələ gəlib və həmin borcunu qaytarmayıb. Atam əməliyyat olunmalı idi, əməliyyata pul verilməsi üçün verdiyi pulu Cəlildən istədi. Lakin Cəlil Anar pulu qaytarmadı. Mən özüm və oğlum da bu barədə bir neçə dəfə Cəlilə dedi. Amma o, pulu qaytarmadı”.
Zərərçəkmiş qeyd edib ki, 2024-cü ilin sentyabrın 25-də, axşam radələrində oğlu Cahidlə atasıgildə olduqları zaman Cəlil ona zəng edib və ona yemək verməsi üçün evə çağırıb:
“Cahidlə yaşadığımız evə gəldik. Təxminən saat 23 radələri olardı. Cahid atasına dedi ki, babası Xalid əməliyyat olunmalıdır, pulunu versin. Bu zaman yataq otağında Cəlil Cahidi əli ilə bir neçə dəfə vurdu. Bunu görərək Cəlilin qarşısına keçdim ki, oğlunmu müdafiə edim. Cəlilə dedim ki, vurma, uşaqdır. Lakin Cəlil məni çarpayının üstünə itələyərək sifət nahiyəmə bir neçə dəfə yumruqla vurdu. Mən huşumu itirdim. Ayılanda gördüm ki, Cəlilin valideyni gələrək oğlanlarını aparmaq istəyirlər. Amma Cəlil artıq orada olmayıb, valideyni də getdi. Cəlil həmin vaxtdan evə qayıtmadı”.
Suraxanı Rayon Məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyib, təqsirliliyini təsdiq edən sübutlar kifayət etməyib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilməyib. Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən ona bəraət verilib.
Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilib.


