Son illərdə Azərbaycanda ailə qurmaq yaşı nəzərəçarpacaq dərəcədə yüksəlib. Əvvəllər 20 yaşların əvvəllərində verilən evlilik qərarı indi daha çox 30 yaşdan sonrakı dövrə təsadüf edir. Bəzi şəxslər bu tendensiyanı maddi çətinliklər, mənzil problemi, karyera hədəfləri, təhsil müddətinin uzanması, eləcə də gənclərin həyat yoldaşı seçimində daha tələbkar olması ilə əlaqələndirirlər.
Bəs Azərbaycanda niyə getdikcə daha çox insan 30 yaşdan sonra evlənməyə üstünlük verir və bu dəyişiklik ailə institutuna necə təsir göstərir?
Sosioloq Hüseyn İbrahimov Demokrat.az-a deyib ki, əvvəlki dövrlərlə müqayisədə bu gün ailə quranların yaş həddi xeyli artıb:
“İnsanlar daha yetkin yaşda ailə qurmağa üstünlük verirlər. Məncə, bunun mənfi tərəflərindən daha çox müsbət cəhətləri var. Bunun bir neçə səbəbi mövcuddur. İlk növbədə, sosial amilləri qeyd etmək olar. Müasir gənclər ailə qurduqdan sonra qayınata və qayınana ilə deyil, müstəqil şəkildə, öz evlərində yaşamaq istəyirlər. Buna görə də əvvəlcə maddi imkanlarını dəyərləndirir, ev sahibi olmağa və ayrıca təsərrüfat qurmağa çalışırlar. Bu isə müsbət yanaşmadır. Digər tərəfdən, bu gün oğlanlar ailə qurarkən əvvəlki dövrlərlə müqayisədə daha yetkin və məsuliyyətli qərarlar verirlər. Onlar iş imkanlarını, gəlirlərini, gələcəkdə ailəni təmin edə biləcəklərini diqqətlə nəzərdən keçirirlər. Bu, əslində ailə planlaşdırmasının bir hissəsidir. Gənclər ailə qurmazdan əvvəl sosial, iqtisadi və psixoloji baxımdan planlı şəkildə düşünür, bütün risk və imkanları qiymətləndirirlər. Bu düşüncə tərzinin formalaşması da nikah yaşının yüksəlməsinə təsir edən əsas amillərdəndir”.
O bildirib ki, digər mühüm məqam isə qohumlar arasında nikahlarla bağlıdır:
“Uzun illər bu cür nikahlara tez-tez rast gəlinirdi. Hazırda isə qanunvericilikdə edilən dəyişikliklər nəticəsində qohum nikahları qadağan olunub və bu qərar cəmiyyət tərəfindən müsbət qarşılanır. Əvvəllər bəzi ailələr qohumluq əlaqələrini qorumaq məqsədilə övladlarını daha erkən yaşda evləndirirdilər. Bu da nikah yaşına təsir göstərən amillərdən biri idi. Artıq həmin faktor əvvəlki qədər aktual deyil. Bundan əlavə, müasir gənclər əvvəlcə təhsil almağa, peşəkar karyera qurmağa, cəmiyyətdə özlərini təsdiq etməyə və sosial bacarıqlarını inkişaf etdirməyə üstünlük verirlər. Təhsil və karyera ilə bağlı planlar ailə qurma qərarının daha gec verilməsinə səbəb olur. Bununla yanaşı, digər amillər də mövcuddur. Onlardan biri də boşanmaların artmasının gənclərə göstərdiyi psixoloji təsirdir. Müşahidə edirik ki, boşanma hallarının çoxalması bəzi gənclərdə ailə qurmağa qarşı tərəddüd yaradır. Bəzən valideynlər də övladlarının ailə qurması məsələsinə müdaxilə etmək istəmirlər. Onlar düşünürlər ki, gələcəkdə övladları boşanarsa, bunun məsuliyyətini onların üzərinə qoya bilər. Eyni zamanda, bəzi gənclər də gələcəkdə boşanma riski ilə üzləşə biləcəklərini düşündükləri üçün ailə qurmaq qərarını təxirə salırlar”.


