Sosial şəbəkələrdə Bakı-Şamaxı avtomobil yolunda baş vermiş çökmə ilə bağlı görüntülər yayılıb.
Yayılan videodan görünür ki, magistral yolun hərəkət hissəsində dərin və enli çuxur əmələ gəlib. Asfalt örtüyünün altındakı torpaq qatının boşalması nəticəsində yaranan çökmə sürücülər üçün ciddi təhlükə yaradıb.
Hadisə ilə bağlı Demokrat.az-ın sorğusunu cavablandıran Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, məlumat daxil olan kimi əraziyə əməkdaşlar və xüsusi texnika cəlb edilib.
Agentliyin məlumatına görə, təhlükəsizliyin təmin olunması məqsədilə çökmüş hissədə operativ bərpa işləri aparılıb və yol hərəkəti qısa müddət ərzində təhlükəsiz şəkildə bərpa edilib.
Bildirilib ki, hazırda çökmənin başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, bu cür hallar yol-nəqliyyat hadisələrinin başvermə riskini artırmaqla yanaşı, nəqliyyat vasitələrinin texniki vəziyyətinə də mənfi təsir göstərərək müxtəlif nasazlıqlara səbəb ola bilər.


