Siyasət Özəl

Türkiyənin F-35 məsələsində yeni siqnal — Açıqlama

Türkiyənin F-35 məsələsində yeni siqnal — Açıqlama

İsrailin Baş naziri Benyamin Netanyahunun Türkiyəyə "F-35" qırıcılarının verilməsinə qarşı olduğunu bəyan etməsindən qısa müddət sonra ABŞ Prezidenti Donald Tramp əks mövqe sərgiləyib. Tramp Ankarada keçirilən NATO Zirvəsi çərçivəsində Türkiyənin "F-35" qırıcılarını əldə edəcəyini açıqlayıb.

Politoloq Oqtay Qasımov mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, Türkiyənin F-35 proqramına mümkün qayıdışı ilə bağlı müzakirələr davam edir.

Türkiyənin F-35 məsələsində yeni siqnal — Açıqlama

Onun sözlərinə görə, bu məsələ ilə bağlı indiyədək konkret addımlar atılmasa da, razılaşma reallaşacağı təqdirdə Ankaranın hərbi və geosiyasi mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənəcək:

"İsrail və Yunanıstan Türkiyənin F-35 proqramında iştirakına ilk gündən etiraz edən tərəflər arasında olub. Türkiyənin proqramdan çıxarılması təkcə Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması ilə bağlı olmayıb. Netanyahunun da Türkiyənin F-35 proqramında iştirakına qarşı olduğu məlumdur. Türkiyənin layihədən çıxarılmasında İsrail və Yunanıstan lobbilərinin ABŞ-də apardığı fəaliyyət də mühüm rol oynayıb. Son illər beynəlxalq təhlükəsizlik mühiti dəyişib və bu dəyişikliklər Türkiyənin strateji əhəmiyyətini artırıb.

Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə baş verən münaqişələr, eləcə də ABŞ-İsrail-İran xəttində yaşanan gərginlik Türkiyənin rolunu daha da artırıb. Donald Tramp bir sıra məsələlərdə İsraili dəstəkləsə də, bəzi mövzularda fərqli mövqe nümayiş etdirib. Prezident Rəcəb Tayyib Ərdoğan da Trampla görüşdən sonra bildirib ki, Tramp Türkiyəyə 5 ədəd F-35 təyyarəsinin verilməsi ilə bağlı söz verib. Söhbət Türkiyənin F-35 proqramında iştirak etdiyi dövrdə ödədiyi təxminən 1,3 milyard dollar vəsaitin qarşılığı hesab olunan təyyarələrdən gedir”.

“Ankara üçün digər vacib məsələ milli 5-ci nəsil döyüş təyyarəsi olan "Kaan" layihəsində istifadə ediləcək mühərriklərin təmin edilməsidir. Türkiyənin yerli mühərrikinin tam hazır olması üçün hələ 5-6 ilə yaxın vaxt lazımdır. Bu baxımdan ABŞ istehsalı olan mühərriklərin tədarükü böyük əhəmiyyət daşıyır. Eyni zamanda, CAATSA sanksiyalarının və digər məhdudiyyətlərin aradan qaldırılması Türkiyə üçün yeni imkanlar yarada bilər. Bununla belə, hazırda proseslə bağlı tələsmək düzgün deyil. İndiyədək verilən vədlər praktiki addımlarla müşayiət olunmayıb.

Bayden administrasiyası dövründə Türkiyəyə 40 ədəd F-16 qırıcısının satışı və 80 təyyarənin modernləşdirilməsi üçün ehtiyat hissələrinin verilməsi ilə bağlı razılıq əldə olunsa da, iki ildən artıq vaxt keçməsinə baxmayaraq, bu istiqamətdə konkret nəticələr görünmür. Buna görə də hazırda əsas məsələ əldə olunan razılaşmaların icrasını gözləməkdir”.

“F-35-lərin Türkiyəyə verilməsi reallaşarsa, bu, Ankaranın hərbi potensialını artırmaqla yanaşı, həm NATO daxilində, həm də Yaxın və Orta Şərqdə geosiyasi mövqeyini daha da gücləndirəcək", – deyə politoloq fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az