Milli Məclisdə müzakirəyə çıxarılan qanun dəyişikliyinə əsasən, könüllülərin, eləcə də istehsalat təcrübəsi keçən tələbə və şagirdlərin istehsalatda baş verə biləcək bədbəxt hadisələr və peşə xəstəlikləri risklərindən icbari sığortalanması nəzərdə tutulur. Dəyişiklik bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və mümkün risklər zamanı hüquqlarının daha etibarlı şəkildə qorunması məqsədi daşıyır.
Bununla bağlı sığorta mütəxəssisi Şahin İsmayılov Demokrat.az-a açıqlamasında deyib ki, Milli Məclisdə müzakirə olunan qanun dəyişikliyi istehsalat təcrübəsi keçən könüllülərin, tələbə və şagirdlərin iş prosesində baş verə biləcək bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığortalanmasını nəzərdə tutur:
“Dəyişiklik istehsalat təcrübəsi keçən şəxslərin sosial və hüquqi müdafiəsinin gücləndirilməsinə xidmət edir. Yeni qaydalara əsasən, istehsalat zamanı baş verə biləcək bədbəxt hadisələr və peşə xəstəlikləri sığorta təminatına daxil ediləcək. Bu şəxsləri işə qəbul edən işəgötürənlər onların icbari sığortasını mütləq təmin etməlidirlər. Əgər işəgötürən könüllünü və ya istehsalat təcrübəsi keçən şəxsi sığortalamazsa, baş verən hadisə ilə bağlı hüquqi və maliyyə məsuliyyəti birbaşa müəssisənin üzərinə düşəcək. Qanuna təklif olunan bu dəyişiklik gənclərin istehsalat təcrübəsinə daha inamla qoşulmasına şərait yaradacaq. Təcrübə keçən gənclərin sığorta haqqı işəgötürən müəssisə tərəfindən ödəniləcək. Müəyyən hallarda isə bu xərclər həm müəssisə, həm də dövlət tərəfindən maliyyələşdirilə bilər”.
Beləliklə, yeni qanun layihəsi təcrübəçi və könüllülərin əməyini hüquqi mühafizə altına alır. Gənclər istehsalatda baş verə biləcək bədbəxt hadisələr və peşə xəstəliklərindən tam qorunurlar. Sığorta xərclərini işəgötürən müəssisələr və dövlət qarşılayır. Sığortasız işçi çalışdıran rəhbərlər isə bütün maliyyə zərərini şəxsən ödəməli olurlar.


