Marketdə 50-60 qəpiyə satılan eyni markalı suyun restoran, hotel və ya hava limanında bir neçə dəfə baha qiymətə təklif olunması istehlakçılar arasında tez-tez müzakirə mövzusuna çevrilir.
İqtisadçı Xalid Kərimli mövzubarədə Demokrat.az-a açıqlamasında bildirib ki, eyni məhsulun fərqli məkanlarda müxtəlif qiymətə satılmasının obyektiv iqtisadi səbəbləri var.
Onun sözlərinə görə, restoranda istehlakçı yalnız su almır, eyni zamanda xidmət də əldə edir:
"Restoranda suyu ofisiant gətirib masaya təqdim edir. Sahibkar masa, oturacaq, xidmət, işçi maaşı, icarə, kommunal və digər xərcləri qarşılayır. Buna görə də qiymətə təkcə məhsulun dəyəri deyil, göstərilən xidmət və obyektin saxlanma xərcləri də əlavə olunur. Marketlərin fəaliyyət modeli isə tamamilə fərqlidir”.
"Marketlər əsasən məhsul satışı üzərində işləyir və çoxsaylı məhsullar hesabına nisbətən aşağı mənfəət marjası ilə fəaliyyət göstərirlər. Restoran, hotel və hava limanlarında isə əsas gəlir modeli fərqlidir və məhsullara tətbiq edilən marja daha yüksək olur. Hava limanları və digər xüsusi məkanlarda logistika və fəaliyyət xərcləri də daha yüksəkdir. Bundan əlavə, belə yerlərdə istehlakçının seçim imkanları məhdud olduğundan qiymət siyasəti də fərqli formalaşır. Burada qiymət diskriminasiyası amili də rol oynayır. Satan tərəf hesab edir ki, restorana gələn, hoteldə qalan və ya təyyarə ilə səyahət edən şəxslərin ödəmə qabiliyyəti daha yüksəkdir. Buna görə də qiymətlər həmin auditoriyaya uyğun müəyyənləşdirilir."
Ekspert sonda vurğulayıb ki, nəticə etibarilə istehlakçı eyni suyu alsa da, fərqli məkanlarda məhsulla yanaşı xidmət, məkan və rahatlıq üçün də ödəniş edir. Buna görə də eyni markalı suyun qiymətində ciddi fərqlərin yaranması iqtisadi baxımdan təbii hesab olunur.


