Kriminal Özəl

100 manata görə döyüldü — Ərim necə vurdusa, ayağa qalxa bilmədim

100 manata görə döyüldü — Ərim necə vurdusa, ayağa qalxa bilmədim

Şəkidə yaşlı kişi arvadına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Şəki şəhəri, İstiqlaliyyət küçəsində yerləşən Şəki Rayon Mərkəzi Xəstəxanasının şöbəsinin inzibati binasının arxa hissəsində baş verib.

1962-ci il təvəllüdlü Mehdi orada həyat yoldaşı Zeynəbin çantasında olan 100 manatlıq əskinasdan ibarət pulu ona verməsini, özünə həmin puldan siqaret alaraq qalan pulu qaytaracağını bildirib.

Amma Zeynəb ərinə pulu verməyib və buna görə də aralarında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı o, qəsdən arvadının baş nahiyəsindən iki dəfə yumruq vurub, ona xəsarətlər yetirib.

Faktla bağlı Mehdinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mehdi ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisə günü, səhər saat 9 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının binasının arxa hissəsində həyat yoldaşı Zeynəbin çantasında olan 100 manat pulu ona verməsini, özünə həmin puldan siqaret alacağını, qalan pulu qaytaracağını bildirib. Onun sözlərinə görə, arvadı istədiyi pulu ona vermədiyindən aralarında mübahisə baş verib və bu zaman o, arvadının baş nahiyəsindən iki dəfə yumruqla zərbə vurub.

Təqsirləndirilən şəxs deyib ki, zərbənin təsirindən Zeynəb yerə yıxıldığı üçün oradan uzaqlaşıb.

Zərərçəkmiş Zeynəbin sözlərinə görə, nəvəsini Şəki Rayon Mərkəzi Xəstəxanasına gətirib:

“Uşağı həkimin yanına qoyduqdan sonra xəstəxananın arxasına çıxdım və oğlum ilə danışdım. Bu vaxt ərim Mehdi məndə olan 100 manat pulu ona verməyimi, pulu xırdalayaraq gətirəcəyini bildirdi. Mehdi çantamı götürdü. Mən bu zaman çantanı onun əlindən aldım. Bu vaxt Mehdi baş nahiyəmdən 2 dəfə yumruqla zərbə vurdu. Mən zərbənin təsirindən yerə yıxıldım və gözüm qaraldığı üçün bir neçə dəqiqə ayağa qalxa bilmədim”.

Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərib ki, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və ya tələbi yoxdur.

Şəki Rayon Məhkəməsinin hökmü ilə Cinayət Mәcәllәnin 73.2-ci maddәsinin tələblərinə әsasәn təqsirləndirilən şəxsin barəsində olan cinayәt tәqibinә xitam verilib. O, cinayәt mәsuliyyәtindәn azad edilib.

Fariz Məlikli

D
demokrat.az