İstanbulda 21 yaşlı qadının arıqlamaq məqsədilə özünü qusdurmağa çalışarkən təsadüfən udduğu 13 santimetrlik diş fırçası əməliyyatla mədəsindən çıxarılıb.
Hadisə zamanı vəziyyəti pisləşən S.B. yaxınları tərəfindən Kanuni Sultan Süleyman Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Həkimlərin müayinəsindən sonra onun mədəsində yad cisim olduğu müəyyən edilib.
Ümumi cərrahiyyə mütəxəssisi Dr. Kubilay Özgür Öztütüncünün rəhbərlik etdiyi tibbi heyət təxminən 40 dəqiqə davam edən əməliyyatla diş fırçasını çıxarıb.
Həkim bildirib ki, diş fırçası endoskopik üsulla çıxarılmayıb, çünki bu üsul mədə və ya qida borusunun zədələnməsi riskini artıra bilərdi. Buna görə xəstə birbaşa əməliyyata alınıb.
“13 santimetrlik diş fırçasının necə udulduğuna əvvəlcə inanmadıq. Müayinələr zamanı məlum oldu ki, xəstə diş fırçasının uc hissəsini qıraraq udub. Əslində isə onu udmaq niyyəti olmayıb, özünü qusdurmağa çalışarkən təsadüfən mədəsinə düşüb”, – deyə Öztütüncü bildirib.
Həkimin sözlərinə görə, xəstə daha əvvəl də arıqlamaq məqsədilə özünü qusdurmağa çalışıb. Lakin son cəhd zamanı belə bir hadisə baş verib.
Əməliyyatdan sonra xəstənin vəziyyətinin yaxşı olduğu və iki gün sonra evə buraxıldığı bildirilib. Həkimlər yad cisim udan insanların onu özləri çıxarmağa çalışmaması barədə xəbərdarlıq ediblər.
Mütəxəssislər vurğulayıblar ki, çörək yemək və ya çoxlu su içməklə yad cismi çıxarmağa çalışmaq daha ciddi fəsadlara səbəb ola bilər. Hər hansı belə vəziyyətdə dərhal tibbi yardıma müraciət etmək tövsiyə olunur.

Leyla Demokrat.az


