Zülalın ümumi miqdarından daha çox onun amin turşusu tərkibi maddələr mübadiləsinə və piy toxumasının azalmasına təsir göstərə bilər.
Demokrat.az xəbər verir ki, bu barədə "Cell Metabolism" jurnalında dərc olunan yeni araşdırmada deyilir.
ABŞ-ın Cənubi Kaliforniya Universitetinin alimləri Toronto Universiteti və Harvard Universitetinin tədqiqatçıları ilə birgə apardıqları araşdırmada müəyyən ediblər ki, aşağı zülallı, lakin optimal miqdarda metionin amin turşusu ilə zənginləşdirilmiş Aralıq dənizi tipli qidalanma kalori məhdudiyyəti tətbiq edilmədən piy kütləsini azalda, maddələr mübadiləsini yaxşılaşdıra və qocalmanın bəzi əlamətlərini zəiflədə bilər.
Araşdırmanın ilk müəllifi Mauro Fanti (Mauro Fanti) və professor Valter Lonqo "LDMM" adlandırılan pəhrizi 20 aylıq yaşlı siçanlar üzərində sınaqdan keçiriblər.
Müşahidələr göstərib ki, bu pəhrizlə qidalanan siçanlar nəzarət qrupundakı heyvanlardan daha çox qida qəbul etsələr də, onların piy kütləsi azalıb və qocalmanın əlamətləri daha zəif müşahidə olunub.
Bundan əlavə, maddələr mübadiləsi və uzunömürlülüklə əlaqəli GLP-1 və FGF21 hormonlarının səviyyəsi də yüksəlib.
Metionin insan orqanizmi üçün vacib olan əvəzolunmaz amin turşusudur. O, əsasən ət, balıq və yumurta kimi heyvan mənşəli məhsullarda yüksək miqdarda olur.
Alimlər müəyyən ediblər ki, qidada metioninin həddindən artıq az olması zəiflik və sümüklərin kövrəkləşməsinə səbəb ola bilər. Əksinə, onun normadan artıq qəbulu pəhrizin bütün müsbət təsirlərini aradan qaldırır.
Tədqiqat müəllifləri bildirirlər ki, əsas amil qəbul edilən zülalın miqdarı deyil, onun amin turşusu balansıdır.
Mauro Fanti deyib: "Orqanizmin metabolik reaksiyasını müəyyən edən amil sadəcə zülalın miqdarı deyil, onun amin turşusu tərkibidir."
Professor Valter Lonqo isə əlavə edib: "Metionin çox az olduqda kövrəklik yaranır, həddindən artıq çox olduqda isə pəhrizin bütün üstünlükləri itir."
Alimlər eyni zamanda 200 mindən çox insanın məlumatlarını təhlil ediblər. Nəticələr göstərib ki, heyvan mənşəli zülalı daha az qəbul edən insanlarda piylənmə və 2-ci tip şəkərli diabetin rastgəlmə tezliyi təxminən iki dəfə aşağı olub.
Bununla belə, tədqiqat müəllifləri vurğulayırlar ki, tam bitki mənşəli qidalanma zamanı metionin çatışmazlığı yarandıqda müəyyən risklər də meydana çıxa bilər.
Onların fikrincə, əsas məsələ ət məhsullarından tamamilə imtina etmək deyil, müxtəlif zülal mənbələri arasında amin turşularının düzgün balansını qorumaqdır.
Jalə Demokrat.az


