Maraqlı Özəl

Bu halda qonşudan təzminat ala bilərsiniz — Hüquqşünas açıqladı

Bu halda qonşudan təzminat ala bilərsiniz — Hüquqşünas açıqladı

Azərbaycan Respublikasının Ali Məhkəməsi çoxmənzilli yaşayış binalarında müşahidə kameralarının quraşdırılması ilə bağlı mühüm hüquqi mövqe formalaşdırıb. Məhkəmənin baxdığı işdə tərəflər yaşayış binasının eyni girişində eyni mərtəbəsində yaşayan qonşular olub. Mübahisə cavabdehin ümumi dəhlizdə və öz mənzilinin giriş hissəsində kameralar quraşdırmasının qonşunun şəxsi həyatın toxunulmazlığı hüququnu pozub-pozmaması ilə əlaqəlidir.

Hüquqşünas Babək Umudov Demokrat.az-a açıqlamasında söyləyib ki, məhkəmə qərarında iki mühüm hüququn şəxsin öz əmlakını qorumaq (təhlükəsizlik) hüququ ilə digər şəxsin şəxsi həyatının toxunulmazlığı hüququnun balansını müəyyən edib:

“Ali Məhkəmə qeyd edib ki, bir şəxsin mənzilə nə vaxt daxil olub-çıxması, onu kimlərin ziyarət etməsi və gündəlik həyat ritminin davamlı qeydə alınması da onun şəxsi həyatına aid məlumatdır. Ümumi istifadədə olan dəhlizi, liftin qarşısını və ya digər mənzillərin girişini görən kameralar yalnız həmin mərtəbədə/dəhlizdə yaşayan qonşuların razılığı ilə quraşdırıla bilər. Əgər qonşu razı deyilsə, kameranın görüntü bucağı yalnız və yalnız onu quraşdıran şəxsin öz mənzil qapısını əhatə etməlidir. Digər kameralar isə sökülməlidir. Qonşunun razılığı olmadan onun gediş-gəlişini, qapısını və şəxsi həyatını qanunsuz olaraq izləyən şəxslərə qarşı həm mülki, həm də cinayət məsuliyyəti tətbiq oluna bilər. Ali Məhkəmənin bu qərarının ən inqilabi tərəfi mənəvi zərərlə bağlıdır. Belə ki, məhkəmə qaydasında qanunsuz quraşdırılmış kameranın məcburi sökülməsi barədə qərar çıxarıla bilər. Məhkəmə müəyyən edib ki, insanın öz iradəsi xaricində uzun müddət izlənilməsi onda daimi nəzarət altında olmaq hissi (psixoloji narahatlıq) yaradır. Belə hallarda zərərçəkmiş şəxsin mənəvi zərər çəkdiyini ayrıca sübut etməsinə ehtiyac yoxdur (hüquqazidd müdaxilənin özü mənəvi zərərin mövcudluğu fərziyyəsini yaradır). Məhkəmə cavabdehdən iddiaçının xeyrinə pul kompensasiyası tutulması qərarını verir”.

Hüquqşünas əlavə edib ki, əgər şəxsin gizli şəkildə video çəkilişini aparmaq, onun şəxsi həyatı barədə məlumatları toplamaq qəsdi sübuta yetirilərsə, bu əməl Cinayət Məcəlləsinin 156-cı maddəsi (Şəxsi həyatın toxunulmazlığını pozma) ilə tövsif oluna bilər:

“Bu maddəyə əsasən, şəxsi həyatın gizliliyini qanunsuz toplama və ya yayma fəaliyyətinə görə 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 240 saatdan 480 saatadək ictimai işlər, eləcə də, 1 ilədək müddətə islah işləri; bu əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə və ya dronlardan istifadə edilməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları tətbiq edilə bilər.

Heç kim "təhlükəsizlik" bəhanəsi ilə qonşusunun şəxsi həyat sərhədlərini poza bilməz. Əgər qonşunuzun kamerası sizin qapınızı və ya hərəkət trajektoriyanızı çəkirsə, ondan kameranın bucağını dəyişməsini tələb edə bilərsiniz. İmtina edərsə, məhkəmə vasitəsilə həm kameranı sökdürə, həm də mənəvi zərər təzminatı ala bilərsiniz”.

Fidan Hacızadə

D
demokrat.az