Ötən gün İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçinin İraqın Nəcəf şəhərində hücuma məruz qaldıqlarını əks etdirən videogörüntülər sosial şəbəkələrdə müzakirə edilir.
Bu barədə Demokrat.az-a politoloq Elçin Xalidbəyli açıqlama verib.
O İranda təhlükəsizlik problemlərinin mövcud olduğunu deyib.
"İran prezidentinə və xarici işlər nazirinə qarşı ölkə daxilində belə təhlükəli vəziyyətin yaranması onu göstərir ki, İranda ciddi təhlükəsizlik problemləri mövcuddur. Yəni İran dövlətinin ən yüksək pillələrində yer alan şəxslərin mühafizəsində müəyyən çatışmazlıqlar var. Digər tərəfdən, bu, həm də onu göstərir ki, həm İranın hakim siyasi elitası, həm də İran cəmiyyəti ciddi parçalanma ilə üz-üzədir. İran prezidenti faktiki olaraq islahatçıların təmsilçisi kimi çıxış edir. Xarici işlər naziri də onun komandasının üzvü olmaqla yanaşı, ABŞ və Qərblə münasibətlərin normallaşdırılmasının tərəfdarıdır. Onlar müharibənin, gərginliyin və qarşıdurmanın əleyhinə çıxış edirlər. Pezeşkian və Əraqçi hesab edirlər ki, İran bütün dünya dövlətləri ilə normal münasibətlər qurmaqla inkişaf mərhələsinə keçməlidir. Ancaq İranda radikal və mühafizəkar qanad da mövcuddur”.
“Bu mühafizəkar qanad ölkəyə tam nəzarəti ələ keçirmək üçün həm ölkə daxilində, həm də İranın xarici dövlətlərlə qarşıdurmasında maraqlı görünür. Bu səbəbdən də Qərb siyasi dairələri ilə danışıqlar aparan islahatçı qanadın təmsilçiləri olan Pezeşkian və Əraqçiyə qarşı radikal qanadın nümayəndələrinin hücum etməklə təzyiq göstərməyə cəhd etdikləri ehtimal olunur. Bu isə, təbii ki, olduqca təhlükəli prosesdir”.
“İran dövlətinin ikinci ən yüksək vəzifəli şəxsi olan prezidentə və xarici işlər nazirinə qarşı belə davranışlar İranın beynəlxalq nüfuzuna müsbət təsir göstərmir", - deyə politoloq Elçin Xalidbəyli fikrini tamamlayıb.


