Siyasət Özəl

"Bu, Azərbaycanın prinsipial yanaşmasının nəticəsi kimi qiymətləndirilə bilər"

Bu, Azərbaycanın prinsipial yanaşmasının nəticəsi kimi qiymətləndirilə bilər

İsraildə qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı irəli sürülən təşəbbüsün dayandırılması regionda diplomatik müstəvidə diqqət çəkən hadisələrdən biri kimi qiymətləndirilir. Məsələ Azərbaycan-İsrail strateji tərəfdaşlığı fonunda da müzakirə olunur. Bu addım Bakının apardığı balanslı və ardıcıl xarici siyasətin, həmçinin iki ölkə arasında formalaşmış etibarlı münasibətlərin nəticəsi kimi dəyərləndirilə bilər.

Məsələ ilə bağlı politoloq Aydın Quliyev Demokrat.az-a bildirib ki, İsrailin qondarma "erməni soyqırımı"nın tanınması təşəbbüsündən geri çəkilməsi ilə bağlı yayılan məlumatlar təsdiqlənərsə, bu, Azərbaycanın diplomatik uğuru kimi qiymətləndirilə bilər:

“Çünki qondarma "erməni soyqırımı" iddialarının əsl mahiyyəti hər kəsə məlumdur. İsrailin belə bir addım atması ilk gündən açıq şəkildə qərəzli addım kimi qiymətləndirildi. Bu qərar İsrail cəmiyyətində də geniş dəstək qazanmadı. Hətta, Ermənistanda hakimiyyət bu məsələyə kifayət qədər soyuq yanaşdı. Əgər bu məlumat doğrudursa, bunu müsbət hal kimi qiymətləndirmək olar. Əks halda isə ümid etmək olar ki, İsrail gələcəkdə bu cür qərarlar qəbul etmək yolundan geri dönəcək. Əlbəttə, əgər belə bir qərar qəbul olunubsa, bu, Azərbaycanın təmkinli etirazının və balanslı diplomatik yanaşmasının nəticəsidir. Azərbaycan Xarici İşlər Nazirliyi İsrailin bu addıma vaxtında və təmkinlə reaksiya verdi. Eyni zamanda iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığı və uzun illər formalaşmış münasibətləri nəzərə alaraq ölçülü mövqe sərgilədi”.

O deyib ki, Rəsmi Bakı İsraili bölgədə davam edən sülh prosesinə mənfi təsir göstərə biləcək qərardan çəkinməyə çağırdı:

“Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında yer alan arqumentlər kifayət qədər əsaslandırılmış və peşəkar şəkildə ifadə olunmuşdu. Həmin mövqenin İsrail siyasi rəhbərliyinə təsir göstərməməsi demək olar ki, mümkün deyildi. Əgər bu təsir dərhal özünü göstərməyibsə belə, yaxın perspektivdə Azərbaycanın nümayiş etdirdiyi təmkinli və əsaslandırılmış diplomatik mövqenin İsrail rəhbərliyinin qərarlarına təsir edəcəyini istisna etmək olmaz. Bu, Azərbaycanın diplomatik etirazlarının və prinsipial yanaşmasının nəticəsi kimi qiymətləndirilə bilər. Əgər İsrail həqiqətən də bu yanlış qərardan imtina edərsə, bu, iki ölkə arasında formalaşmış müttəfiqlik münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək. Çünki bu təşəbbüs Azərbaycan cəmiyyətində və ictimai rəyində İsrailə münasibətə mənfi təsir göstərmişdi. Qərardan imtina olunacağı təqdirdə isə Azərbaycan cəmiyyətində formalaşmış həmin mənfi münasibətin dəyişməsi üçün zəmin yarana bilər".

Leyla Turan

D
demokrat.az