Dünən etibarlı informasiya kanalları ilə yayılan məlumat sözün əsl mənasında geosiyasi proseslərdə ölkəmizin nə qədər böyük təsir gücünə malik olduğunu ortaya qoydu.
"Azfront" telegram kanalının yaydığı məlumatda Bakının diplomatik fəaliyyəti nəticəsində Yaxın Şərqdə az qala müharibə vəziyyətinə gələcək, Azərbaycan üçün çox vacib iki ölkənin arasındakı siyasi böhranın nizamlanması istiqamətində böyük uğur qazanıldığı bildirildi.
Kanalın etibarlı mənbələrdən əldə etdiyi informasiyaya görə, İsrail hökumətinin az müddət öncə müzakirə etdiyi və rəsmən tanıdığı qondarma "erməni soyqırımı" qanun layihəsi bu ölkənin digər ali instansiyalarına göndərilmədən, Bakının Tel-Avivlə apardığı məsləhətləşmələr nəticəsində donduruldu.
İlk olaraq burada önə çıxan məsələ Azərbaycanın qlobal siyasətdəki gücü və təsiridir. Xatırladırıq ki, son Fələstin-İsrail münaqişəsinin başlandığı gündən - 2023-cü ilin payızından indiyədək, Türkiyə və İsrail arasında yaranmış gərginlik ABŞ başda olmaqla hər iki ölkə ilə yaxın münasibətləri olan bir çox dövlətlərin ən yüksək səviyyədə sürdürdüyü vasitəçilik təşəbbüsünə baxmayaraq normallaşmamışdı. Hətta ABŞ prezidenti İsrailin baş naziri Benyamin Netaniyahu və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla son görüşlərində də əsas müzakirə mövzusu olmasına baxmayaraq, tərəflər Qəzza, Livan və Suriya ətrafında aralarında yaranmış narazılığı həll edə bilmədilər.
İsrailin son Livan və Suriya ərazisində keçirdiyi əməliyyatlar isə siyasi gərginliyi daha da artıraraq hətta hərbi qarşıdurma təhlükəsi də yaratdı. Türkiyənin Suriyadakı hərbi mövcudluğu nəzərə alınsa, bu ölkənin cənubunda İsrailin hərbi aktivliyi çox ciddi toqquşma üçün zəmin yarada bilər. Bu məsələ ilə bağlı hətta Qərbin nüfuzlu beyin mərkəzləri belə ciddi xəbərdarlıqlar ediblər.
Trampın Netanyahu və Ərdoğana münasibətlərin düzəlməsi üçün vasitəçilik etməyə hazır olduğu bəyanatının belə normallaşmaya heç bir təsiri etmədiyi halda, Azərbaycan bunu açıq şəkildə bəyan etmədən, yalnız diplomatlk təmaslarla, İsrail kimi dövlətin hökumətinin verdiyi qərarın dondurulmasına nail olur.
Gəlin məsələyə bir də başqa rakursdan baxaq. Tam üç ildir İsrail və Fələstin arasında müharibə davam edir. Bütün region və hətta Avropa dövlətlərinin, məsələni dəfələrlə BMT Baş Assambleyasında müzakirəyə çıxarmasına baxmayaraq, Ərəb Liqası, İslam Əməkdaşlıq Təşkilatı və Avropa Birliyinin dəfələrlə etdiyi çağırışlar və tələblərə baxmayaraq, İsrail apardığı hərbi əməliyyatları dayandırmadı. İsrailin bütün bu bəyanatlara cavabı "bu bizim üçün prinsip məsələsidir" oldu. Trampın bölgə ölkələrinin liderlərini bir yerə yığaraq keçirdiyi sülh konfransı belə döyüş əməliyyatlarını tam dayandırmağa, İsrail nazirlər kabinetinin aldığı əməliyyat qərarını ləğv etməyə nail ola bilmədi.
Bunu niyə belə xüsusi olaraq vurğulayırıq? Ona görə ki, İsrail dövlətinin aldığı hər hansı bir qərarı nəyin bahasına olursa olsun, heç vaxt dəyişmədiyini diqqətinizə bir də çatdırmaq istəyirik. Dünyanın ən böyük dövlətinin, həm də İsrailin ən yaxın müttəfiqinin və onun dövlət olaraq təhlükəsizliyinin baş qarantı, ABŞ-nın, onun tarixində bəlkə də ən nüfuzlu prezidenti olan Donald Trampın çağırışına görə belə qərarını dəyişməyən yəhudi dövlətinin, Azərbaycan dövlətinin, onun rəhbərliyinin təşəbbüsü ilə aldığı qərarı dondurması, geosiyasətdə əsl sensasiyadır.
Özünüz düşünün, bütün dünyanı dinləməyən İsrail, Azərbaycanın maraqlarını, Türkiyənin məhz Azərbaycanla strateji müttəfiq olduğunu nəzərə alaraq, qardaş ölkəyə, onun siyasi imicinə zərbə vuracaq, və kabinetdə artıq qəbul etdiyi qanun layihəsini dondurur! Baxın, bu artıq analizə ehtiyacı olmayan, ölkəmizin qlobal müstəvidə tutduğu strateji mövqenin və böyük nüfuzunun təcəssümüdür. Heç bir gücün bacarmadığını bacaran Azərbaycan dövləti bu həmlədən sonra regionun geosiyasi konstruksiyasını dəyişə biləcək ölkələr sırasında olduğunu bütün dünyaya sübut etdi. Artıq Azərbaycan nəinki Cənubi Qafqazın, hətta Yaxın Şərqin, o cümlədən bütün Avrasiya məkanın belə kilid ölkələrindən biridir.


