Son illərdə Azərbaycan bazarında Çin istehsalı olan elektrik avtomobillərinin sayı sürətlə artır. Ekoloji cəhətdən daha təmiz nəqliyyat vasitəsi kimi təqdim olunan bu avtomobillər yanacaq sərfiyyatının azlığı və iqtisadi üstünlükləri ilə diqqət çəkir. Bununla yanaşı, bəzi insanlar elektrik avtomobillərinin yaratdığı elektromaqnit sahələrinin və batareyalarının insan sağlamlığına mümkün təsirləri ilə bağlı fikirlər səsləndirirlər.
Elektriklə işləyən, xüsusilə Çin istehsalı olan avtomobillərin yaratdığı elektromaqnit sahələrinin və istifadə olunan batareya sistemlərinin insan sağlamlığına hər hansı mənfi təsiri varmı?
Radioloq Aydın Əliyev məsələ ilə bağlıDemokrat.az-a açıqlamasında bildirib ki, hazırda texniki baxışdan qanunvericiliyin tələblərinə uyğun şəkildə keçmiş, bütün texniki göstəriciləri normal olan və heç bir nasazlığı olmayan elektrik avtomobillərinin, istər Çin istehsalı, istərsə də digər ölkələrdə istehsal olunan modellərin insan sağlamlığına zərər verdiyini təsdiqləyən elmi cəhətdən sübut olunmuş etibarlı dəlillər mövcud deyil:
“Avtomobil standartlara uyğun istismar olunduğu və bütün təhlükəsizlik sistemləri işlək vəziyyətdə olduğu müddətdə onun sərnişinlər üçün əlavə sağlamlıq riski yaratdığına dair təsdiqlənmiş nəticələr yoxdur.
Lakin vəziyyət avtomobildə texniki nasazlıq yarandıqda dəyişə bilər. Xüsusilə yüksək gərginlikli batareya sistemində zədələnmə, sızma və ya digər ciddi nasazlıqlar baş verərsə, batareyanın tərkibində olan bəzi kimyəvi maddələrin və ya zərərli qazların ətrafa yayılması ehtimalı yarana bilər”.
Aydın Əliyev əlavə edib ki, əgər bu maddələr avtomobilin salonuna daxil olarsa və sürücü və ya sərnişinlər onlara məruz qalarsa, bu zaman sağlamlıq üçün riskdən danışmaq mümkündür:
“Ancaq bu, elektrik avtomobillərinin normal istismarı ilə deyil, yalnız qəza və ya texniki nasazlıq halları ilə əlaqədardır. Bu səbəbdən elektrik avtomobillərinin mütəmadi texniki baxışdan keçirilməsi, istehsalçının istismar qaydalarına əməl olunması və yaranan nasazlıqların vaxtında aradan qaldırılması təhlükəsiz istifadə baxımından mühüm əhəmiyyət daşıyır”.


