Xaçmaz rayonunda 16 yaşlı oğlan anasını öldürüb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 1-də rayonun kəndlərindən birində baş verib. 2010-cu il təvəllüdlü Rahib həmin gün saat 17 radələrində yaşadığı evdə anası Dürdanənin (adlar şərtidir – red.) “Tiktok” sosial şəbəkəsində yad kişi ilə yazışması səbəbindən onu öldürmək qərarına gəlib.
Bu məqsədlə o, zavod üsulu ilə hazırlanmış bıçağı evin mətbəxindən götürüb və həmin bıçaqla qadının həyatı üçün mühüm orqanların yerləşdiyi nahiyələrinə qəsdən çoxsaylı zərbələr endirib. Kəskin qan itirmədən qadın hadisə yerində ölüb.
Faktla bağlı Rahibin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Rahib törətdiyi əməli tam etiraf edib və özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, anası ilə münasibətləri bu hadisəyə qədər yaxşı olub: “Hadisədən bir neçə gün əvvəl təsadüfən anamın telefonunda “Tiktok” sosial şəbəkəsində tanımadığım bir kişi ilə səmimi yazışmalarını gördüm. Bu mənə çox pis təsir etdi. Bundan sonra anamı öldürmək qərarına gəldim”.
Təqsirləndirilən şəxs daha sonra ifadəsində anasını öldürməyin yollarını aradığını deyib. Onun sözlərinə görə, bununla bağlı bir çox fikir mübadiləsi aparıb, anasını necə öldürməyi planlaşdırmaq üçün axtarışlar edib:
“Anamı bıçaqla öldürdüm. Ona neçə bıçaq zərbəsi vurduğumu xatırlamıram. Anamı öldürən zaman atam və qardaşım evdə olmayıb. Daha sonra qonşuluqda yaşayan əmimgilə getdim və anamı öldürdüyümü dedim. Anamı öldürəndən sonra törətdiyim əməlimdən peşman olmuşam”.
İş üzrə zərərçəkmiş Dürdanənin hüquqi varisi, anasının sözlərinə görə, o hadisənin birbaşa şahidi olmayıb:
“2025-ci ilin iyulun 1-də, axşamüstü bacım mənə zəng edərək qızım Dürdanənin səhhətinin yaxşı olmadığını və qızımın evinə getməyimi dedi. Mən də qızımın evinə getdim. Evə çatdıqda həyətdə polis əməkdaşlarının olduğunu gördüm. Nə baş verdiyini soruşduqda nəvəm Rahibin qızımı bıçaqladığını və qızımın öldüyünü dedilər. Səbəbini soruşdum. Qızımın telefonunu nəvəmə vermədiyini, bu səbəbdən də o, əsəbləşərək anasını öldürdüyünü dedilər. Nəvəmdən şikayətçi deyiləm, onunla barışmışam”.
Qətlə yetirilən qadının “Tik-tok” sosial şəbəkəsində danışdığı Elşad adlı şəxs də iş üzrə şahid qismində danışıb. O bildirib ki, 2023-cü ildən “Tiktok” sosial şəbəkəsində “Elşad” adlı hesab açaraq istifadə edib:
“Son bir ildir ki, həmin hesabda mütəmadi videolar paylaşmışam. Mənim videolarıma rəy bildirənlərə və ya videolarım ilə bağlı mesaj yazanlara “like” işarəsi atmışam. Həyat yoldaşım qısqanc biri olmasına görə yad qadınlar mənə yazdıqda çox vaxt mesajı açmayaraq silmişəm, ya da mesajlara yola verdi cavab yazmışam. Həmin şəxslərdən biri də “Məsumə” adlı istifadəçi olub. Sonuncu da mütəmadi mesajlar yazıb. Mən həmin mesajları çox vaxt silmişəm, ya da smayl işarəsi atmışam. Ümumiyyətlə, "Tiktok” sosial şəbəkəsinin mesaj bölməsində operativ cavab kimi 3 smayl işarəsi olub. Onlar ürək, gülüş və ağlamaq smayllarıdır. Mən də “Məsumə” adlı istifadəçiyə 1 dəfə ürək smaylı atmışam”.
Elşadın sözlərinə görə, “Tiktok” sosial şəbəkəsində “Məsumə” adlı hesabın kimə məxsus olmasını bilməyib:
“Həmin sosial şəbəkə istifadəçisi özünü mənə təqdim etməyib. Sonradan qadının öldürülməsi ilə bağlı cinayət işi üzrə Xaçmaz rayon prokurorluğuna dəvət olunmağıma dair çağırış vərəqəsi göndəriləndən sonra onun ölümü ilə bağlı sosial şəbəkələrdə xəbər elanı qarşıma çıxdı. Mən bu zaman kim olmasını bilmişəm”.
Qətli törədən Rahibin müəllimi də iş üzrə ifadə verib. O bildirib ki, Rahib qətli törədən zaman 9-cu sinifdə oxuyub: “Təqsirləndirilən şəxs sakit, mülayim şagirdlərdən olub, hər hansı pis vərdişləri olmayıb.
Rahibin fiziki intellektual səviyyəsi öz yaşıdlarına nəzarən aşağı olub, əqli inkişaf səviyyəsi isə öz yaşıdlarına nəzərən normal olub. O, dərslərini yaxşı oxumayıb, dərslərdən əsasən 3 qiyməti alıb. Sonuncu ilə fərdi söhbət zamanı peşə məktəbinə getmək istədiyini bildim və bununla bağlı ona məsləhətlər də verdim”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Rahib 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyən edilib.


