Quba rayonunda avtobus sürücüsünün sərnişinlə mübahisəsi cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 19-da rayonun Digah kəndində baş verib.
1989-cu il təvəllüdlü Ərəstun həmin gün saat 08:30-da kənddə yolun kənarında Mərahim (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı Ərəstun Mərahimin sinə nahiyəsindən əl zərbəsi ilə vuraraq onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olub.
Faktla bağlı Ərəstunun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Ərəstun ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, fərdi qaydada sürücülük fəaliyyəti ilə məşğul olur: “Fevralın 19-da, saat 08:00-da idarə etdiyi avtobusla Quba avtovağzalından Qusar rayonu istiqamətinə yola düşüb. Quba rayonunun Dağlı kəndində tanımadığın bir nəfər avtobusa mindi. Həmin sərnişin qapının qarşısında giriş-çıxışı kəsdiyi üçün ona bir neçə dəfə irad bildirsəm də, həmin cavan oğlan sözlərimə məhəl qoymadı. Quba rayonunun Digah kəndində dayanacaqdan kənar həmin sərnişin avtobusu saxlatdıraraq düşmək istədi. Mən avtobusu bir qədər irəlidə dayanacaqda saxladığım üçün adını sonradan öyrəndiyim Mərahim mənimlə kobud danışdı. Kobud cavaba görə avtobusdan düşdüm və onu avtobusun arxa hissəsinə çağıraraq söhbət etmək istədim. Mərahim təkrarən məni təhqir etdiyi üçün aramızda mübahisə yarandı. Həmin vaxt ani olaraq əsəbləşdim və əlim ilə onun sinə nahiyəsindən vurdum. Bundan sonra avtobusa əyləşərək oradan uzaqlaşdım”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda zərərçəkmiş şəxslə barışdığını bildirib və barəsində olan cinayət işinə xitam verilməsini xahiş edib.
Quba Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.


