Kriminal Özəl

Azərbaycanda qayınata qızını döyən kürəkənini təpiklədi

Azərbaycanda qayınata qızını döyən kürəkənini təpiklədi

Qusarda qaynata kürəkənini ağır yaralayıb. Hadisə rayon kəndlərindən birində qeydə alınıb.

Demokrat.az bildirir ki, gecə saatlarında 65 yaşlı Əfqan kürəkəni Amala irad bildirib. Səbəb Amalın spirtli içki qəbul etməsi və həyat yoldaşı Arzunu mütəmadi incitməsidir. Tərəflər arasında yaranan mübahisə qısa müddətdə davanın böyüməsinə səbəb olub.

Kürəkəni tərəfindən təhqir olunan qaynata qəzəblənib. O, Amalın qarın nahiyəsinə təpik və yumruqla ağır zərbələr endirib.

Faktla bağlı Əfqana qarşı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham irəli sürülüb. İstintaq zamanı təqsirləndirilən şəxs əməlini tamamilə etiraf edib. Yaşlı kişi ifadəsində hadisənin təfərrüatlarını danışıb.

“Amalla mayın 7-də aramızda mübahisə baş verdi. Nəvəm mənə zəng vuraraq evlərində mübahisə olduğunu dedi. Bu səbəbdən onların evinə getdim. Spirtli içki qəbul etməmişdim. Amalı təpik ilə vurmuşam, başqa əşya ilə vurmamışam. Onu mən xəstəxanaya aparmışam, xəstəxana xərclərini ödəmişəm. Onunla barışmışıq. Amalın qızımı döyməsi ilə bağlı heç bir yerə müraciət etməmişəm. Amalgilə mən, yoldaşım və oğlum getmişik. Biz getdiyimiz zaman dalaşmırdılar. Amal qızımı döymüşdü. O, yaxşı etmişəm vurmuşam dedi. Oğlum Amalı vurmayıb. Sadəcə mən vurmuşam”.

İş üzrə zərərçəkmiş Amalın sözlərinə görə, 2009-cu ildə Arzu ilə rəsmi nikaha daxil olmaqla, ailə qurub və birgə nikahdan iki övladları dünyaya gəlib:

“Uzun illərdir spirtli içki aludəçisi olduğum üçün tez-tez evdə heç bir səbəb olmadan ailə daxili mübahisələr yaratmışam. Bununla bağlı qayınatam Əfqan dəfələrlə mənə öz iradını bildirib. Lakin heç bir nəticə çıxarmayaraq mütəmadi olaraq spirtli içki qəbul etməyə davam etmişəm və arvadımı heç bir səbəb olmadan döymüşəm”.

Zərərçəkmiş deyib ki, məlum hadisədən əvvəl sərxoş vəziyyətdə evə gəlib, arvadı Arzunun onu anasına şikayət etdiyi üçün yumruq və təpik zərbələri ilə vurub:

“Bundan sonra oğlum zəng edərək əməllərim barədə Əfqana məlumat verdi. Gecə saat 2 radələrində Əfqan, arvadı Ofeliya və oğlu Fərhadla birlikdə evimə gəldi. Onlar yataq otağına keçdilər və orada Arzunun ağlayaraq uşaqlarla birlikdə oturduğunu gördülər. Əfqan yanıma qayıdaraq mənə öz iradını bildirməyə başladı. Həmin vaxt sərxoş vəziyyətdə onların ünvanına nalayiq ifadələr işlədərək təhqir etdim. Bu zaman Fərhad əsəbiləşərək qəsdən bir dəfə təpik zərbəsi ilə sifətimə vurdu və məni yerə yıxdı. Mən isə onların ünvanına nalayiq ifadələr işlətməyə davam etdim. Buna görə də Əfqan əsəbiləşərək qəsdən bir dəfə təpik zərbəsi ilə qarın nahiyəmə vurdu”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əfqanın barəsində Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilib və ona 2 il sınaq müddəti olmaqla 3 il 6 ay şərti cəza verilib.

Fidan Hacızadə

D
demokrat.az