Cəmiyyət Özəl

Psixoloq müasir münasibətlərin ən böyük problemini açıqladı

Psixoloq müasir münasibətlərin ən böyük problemini açıqladı

Sağlam münasibətlər qarşılıqlı hörmət, etibar və anlayış üzərində qurulur. Lakin bəzi hallarda tərəflərdən biri qarşısındakı insanı fərqinə varmadan və ya məqsədli şəkildə idarə etməyə, günahkar hiss etdirməyə və ya psixoloji təzyiq göstərməyə çalışır. Bu cür davranışlar zamanla münasibətdə emosional yorğunluğa, özünəinamın azalmasına və ciddi psixoloji problemlərə səbəb ola bilər. Məhz buna görə də emosional manipulyasiyanın əlamətlərini vaxtında tanımaq və sağlam ünsiyyətlə onu bir-birindən ayırmaq böyük əhəmiyyət daşıyır.

Emosional manipulyasiya nədir və insanlar münasibətdə bunu həqiqi sevgi və qayğıdan necə fərqləndirə bilərlər?

Psixoloq Ülkər Məhərrəmova Demokrat.az-a açıqlamasında bildirib ki, hər birimiz sevdiyimiz insanlara təsir göstərməyə çalışırıq:

Psixoloq müasir münasibətlərin ən böyük problemini açıqladı

“İstər qadın-kişi olsun, istər kişi-qadın. Bu normal haldır. Yəni insan özündən çox qarşısındakı insanı görməyə çalışır və onu düşündüyü üçün bəzi davranışlarını dəyişməyə, istiqamətləndirməyə çalışır. Ancaq təsir göstərməklə emosional manipulyasiya arasında böyük fərq var. Nəyə görə? Qarşı tərəfə dəyər verəndə, onun qərarlarına hörmət edəndə və onda nəyisə dəyişməyə çalışanda bu, sevgidən yaranan davranışdır. Amma emosional manipulyasiyada insan qarşı tərəfin sevgi, vicdan, qorxu, günahkarlıq kimi hisslərindən istifadə edərək onu özünün istədiyi, amma qarşı tərəfin istəmədiyi qərarları verməyə təşviq edir, məcbur edir, sövq edir. Bu, hər zaman bilərəkdən olmur. Bəzən insanlar özləri də fərqinə varmadan, bu davranış davamlı bir vərdiş halına çevrildiyi üçün belə hərəkət edirlər. Amma nəticədə nə olur? Qarşı tərəf sərbəst seçim etməkdən məhrum olur, həmin insanın istədiyi davranışı məcbur şəkildə həyata keçirir. Bunun fəsadları da, bildiyimiz kimi, sonda mənfi nəticələrə gətirib çıxarır. Əslində bunu həqiqi sevgi və qayğıdan necə fərqləndirə bilərik? Həqiqi sevgi istər uşaqlarda, istər yeniyetmələrdə, istərsə də ailə münasibətlərində insana seçim azadlığı verir. Məsələn, deyə bilərik ki, “Mənim istədiyim budur. İstər geyimdə olsun, istər yeməkdə, istər ixtisas seçimində, istərsə də hər hansı bir qərarda mənim fikrim budur, amma sənin qərarına hörmət edirəm”. Sevən və dəyər verən insan öz fikrini bildirir, amma qarşı tərəfin seçiminə də hörmət edir”.

Psixoloq əlavə edib ki, manipulyasiya edən insan isə deyir: “”Əgər məni həqiqətən sevirsənsə”, “Əgər mənə dəyər verirsənsə”, “Əgər mənə inanırsansa, bunu etməlisən”. Yəni əvvəlcə qarşı tərəfdə günahkarlıq hissi yaradır, ona məsuliyyət yükləyir, sonra isə bu hissdən istifadə edərək istədiyini həyata keçirir. Sevgi etibar yaradır, dəyər hissi yaradır. Manipulyasiya isə insanda günahkarlıq, peşmançılıq və qorxu hissi yaradır. Sevgi insanı olduğu kimi qəbul edir, manipulyasiya isə sevgini kobudluğa, sərtliyə və qorxuya çevirir. Xüsusilə ailə münasibətlərindən danışsaq, son dövrlərdə boşanmaların sayının artması heç də ürəkaçan mənzərə yaratmır və bu mövzuya daha həssas yanaşılır. Bəzən boşanma zamanı istər ana, istər ata uşaqlar üzərində manipulyativ davranışlar nümayiş etdirirlər. Məsələn, ana deyir: “Atan zəng edəndə danışsan, mən səni çox istəməyəcəyəm” və ya “Atanın yanına getsən, mən çox üzüləcəyəm, xəstələnəcəyəm”. Ata isə deyir: “Anan səni bizdən uzaqlaşdırır”, “Səni mənə qarşı doldurur”, “Səni görüşməyə qoymur”.

Həyatı öyrənən və həyata hazırlaşan uşaq valideyn vasitəsilə davranışları mənimsəyir. Bu cür manipulyativ münasibətlər uşağın psixologiyasına çox ağır təsir göstərir. Uşaq iki sevginin arasında qalır. Halbuki uşağın bir qanadı atadır, bir qanadı anadır və o, hər iki qanadla özünü təhlükəsiz və xoşbəxt hiss edir. Bu sevgidən məhrum qalanda isə seçim etməkdə çətinlik çəkir, məcbur olur və bu da onun emosional inkişafına ciddi təsir göstərir. Bunun fəsadları xüsusilə yeniyetməlik dövründə daha çox özünü göstərir. Məsələn, hər birimiz özümüzə belə bir sual verə bilərik: “Mən qarşımdakı insana, istər həyat yoldaşım olsun, istər övladım, həqiqətən hörmət edirəm, yoxsa onun qorxu, günahkarlıq, vicdan kimi hisslərindən istifadə edərək onu istiqamətləndirməyə çalışıram?” Bu sualın cavabı göstərir ki, insan dəyərlərdən çıxış edir, yoxsa manipulyativ davranışlardan”.

Ülkər Məhərrəmova münasibətlərdə əsas olanın idarə etmək, nəzarət etmək və istəklərimizi zorla həyata keçirmək deyil, qarşılıqlı hörmət olduğunu vurğulayıb:

"Yəni “mən” və “sən” dili yox, “biz” dili daha önəmlidir. Həqiqi sevgi heç vaxt insanı idarə etmir. Həqiqi sevgi seçim verir, müzakirə edir, anlayır, dəstəkləyir, hörmət edir və insanın inkişafına şərait yaradır. Münasibətlərdə ən böyük güc qarşı tərəfi dəyişmək deyil, güvən yaratmaqdır. İnsan qarşısındakı şəxsin yanında özünü təhlükəsiz hiss etməlidir. Dinlənildiyini, anlaşıldığını, dəstək gördüyünü hiss etməlidir. Hətta yanlış etdikdə belə, onu qınayan yox, doğru yolu tapmasına kömək edən bir insanın varlığını hiss etməlidir.

Çalışaq ki, manipulyativ davranışları görəndə sadəcə onlardan qaçmayaq, onları tanıyaq, sərhəd qoya bilək və lazım gəldikdə dur deməyi bacaraq. Öz hisslərimizi və düşüncələrimizi idarə etməyi öyrənək. Münasibətlərdə “Mən istədiyimi həyata keçirməliyəm” düşüncəsi ilə deyil, “Mənim istəyim budur, amma sənin fikirlərin də mənim üçün önəmlidir. Gəlin, ortaq məxrəcə gələk və qərarı birlikdə verək” yanaşması ilə hərəkət edək”.

Fidan Hacızadə

D
demokrat.az