Avropa İttifaqı Ermənistan və Azərbaycan hakimiyyəti ilə Brüsselin Cənubi Qafqazda rabitə marşrutlarının inkişafını ən yaxşı şəkildə necə dəstəkləyə biləcəyini müzakirə edir.
Demokrat.az xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono İrəvanda jurnalistlərlə keçirdiyi brifinqdə regiondakı təhlükəsizlik məsələləri və Ermənistanla Azərbaycan arasındakı sülh prosesi barədə danışarkən bildirib.
"Regionda davamlı sülhün qurulmasındakı irəliləyiş inanılmaz dərəcədə təsirlidir və əlbəttə ki, biz Avropa İttifaqı olaraq, bu sülhün bütün insanlara fayda gətirən davamlı reallığa çevrilməsini təmin etmək üçün həm Ermənistan Respublikası, həm də Azərbaycan üçün güclü tərəfdaş olmağa çalışırıq", - deyə Qrono bildirib.
O, həmçinin vurğulayıb ki, Brüssel Ermənistan və Azərbaycan arasında sülh prosesini müxtəlif yollarla dəstəkləyir.
"Əlbəttə ki, sülh prosesinin irəliləməsində Ermənistan və Azərbaycan rəhbərliyinin siyasi dəstəyi var, lakin müzakirələrin aparıldığı və hər iki tərəfin insanları üçün faydalı ola biləcək ayrı-ayrı sahələri dəstəkləmək üçün səylər də mövcuddur. Buna görə də, əlbəttə ki, bütün bunlar kontekstində biz humanitar məsələləri necə ən yaxşı şəkildə dəstəkləyə biləcəyimizi düşünürük və mina təmizləmə bunda əsas rol oynayır. Bu, birbaşa təsirlənən icmalara təsir göstərə bilər. Yeni tranzit xətləri çəkildikcə nəqliyyat infrastrukturunun inkişaf proqramını və regionun kilidini açmaq üçün daha geniş proqramı nəzərə alsaq, bu, həmçinin əhəmiyyətli dərəcədə təsir göstərə bilər", - avropalı nümayəndə sözlərinə əlavə edib.
Qrono təsdiqləyib ki, regional nəqliyyat infrastrukturunun inkişafı proqramı və Cənubi Qafqazın açılması üçün daha geniş proqram da Aİ üçün əsas diqqət mərkəzindədir.
Avropa İttifaqının xüsusi nümayəndəsi həmçinin vurğulayıb ki, tərəflərlə təmaslar davam etdirilir.
"Biz Ermənistan hakimiyyəti və Azərbaycandakı tərəfdaşlarımızla Orta Dəhliz kommunikasiya şəbəkəsi layihəsinə əhəmiyyətli töhfə verməsi üçün bu marşrutların inkişafını necə dəstəkləmək barədə müzakirələr aparırıq. Hesab edirik ki, marşrutboyu bütün ölkələr Asiyanı Cənubi Qafqaz vasitəsilə Avropa ilə birləşdirən bu layihədə iştirak etməli və dəhlizin keçdiyi ərazilərdə yerləşən yaşayış məntəqələrinin bütün sakinləri bundan faydalanmalıdır", - deyə xanım Qrono sözlərini bitirib.


