Sosial Özəl

Azərbaycanda demoqrafik vəziyyətlə bağlı narahat edən məqamlar

Azərbaycanda demoqrafik vəziyyətlə bağlı narahat edən məqamlar

Azərbaycanda müşahidə olunan demoqrafik ləngimə yalnız doğum göstəricilərinin azalması ilə izah oluna bilməz. Bu proses sosial-iqtisadi, mədəni və psixoloji amillərin qarşılıqlı təsiri nəticəsində formalaşan mürəkkəb sosial hadisədir.

Bu fikirləri Demokrat.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.

Azərbaycanda demoqrafik vəziyyətlə bağlı narahat edən məqamlar

“Son illər ölkədə qurulan ailələrin sayının azalması, nikaha daxilolma yaşının yüksəlməsi və gənc ailələrin iqtisadi gözləntilərinin dəyişməsi demoqrafik proseslərə ciddi təsir göstərir. Mənzil və məişət problemləri, həyat xərclərinin artması, uşaqların təhsil və sağlamlığına çəkilən yüksək xərclər, eləcə də inflyasiya ailələrin övlad sayına dair qərarlarına birbaşa təsir edir. Əvvəllər Azərbaycanda çoxuşaqlı ailə modeli üstünlük təşkil etdiyi halda, hazırda əksər ailələr bir və ya iki uşaqla kifayətlənir. Bu tendensiya demoqrafik balansın zəifləməsinə və əhalinin yaşlanmasının sürətlənməsinə səbəb olur”.

Ekspert vurğulayıb ki, gənclər ilk növbədə təhsil, karyera və maddi sabitlik əldə etməyə çalışırlar. Bu isə nikah yaşının gecikməsinə gətirib çıxarır.

O əlavə edib ki, gec nikahlar və ailədaxili problemlər boşanmaların artmasına da təsir göstərən amillər sırasındadır:

“Urbanizasiya da doğum səviyyəsinə təsir edən əsas amillərdəndir. Böyük şəhərlərdə yaşayan ailələr daha az sayda övlad sahibi olmağa üstünlük verir və bu model tədricən regionlarda da yayılır. Demoqrafik ləngimənin səbəbləri sırasında miqrasiya da var. Miqrasiya ailə münasibətlərinə və demoqrafik göstəricilərə müəyyən təsirlər göstərir. Vəziyyətin yaxşılaşdırılması üçün ailəyönümlü sosial siyasət gücləndirilməli, gənc ailələrin sosial müdafiəsi artırılmalı, uşaq bağçalarının şəbəkəsi genişləndirilməli, sosial xidmətlərin əlçatanlığı yüksəldilməli, həmçinin sağlam ailə dəyərlərinin təşviqi istiqamətində maarifləndirmə tədbirləri gücləndirilməlidir”.

Naib Niftəliyev sonda vurğulayıb ki, demokrafiq ləngimə uzun illər ərzində formalaşmış sosial prosesdir və qısa müddətdə aradan qaldırıla biləcək problem deyil. Onun sözlərinə görə, son illərin statistikası abortların sayının yüksək olaraq qaldığını da göstərir ki, bu da narahatlıq doğuran amillərdən biridir.

Nuray Paşşanlı

D
demokrat.az