Kriminal Özəl

Poliklinikada tanımadığı şəxsə hücum etdi, həbs edildi

Poliklinikada tanımadığı şəxsə hücum etdi, həbs edildi

Gəncə şəhərindəki Abbas Səhhət adına 1 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinin 2-ci mərtəbəsində dava olub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin martın 19-da baş verib.

Gəncə şəhər sakini, 1999-cu il təvəllüdlü Elşad xəstəxananın Poliklinika şöbəsinin 2-ci mərtəbəsində yerləşən 220 nömrəli otaqda olarkən, orada olan və əvvəllər tanımadığı Zakirin həkim və tibb personalının onu bir neçə müayinəyə göndərməsinə etiraz etdiyini görüb. Elşad hadisəyə heç bir aidiyyəti olmadığı halda, özünü üstün mövqedə göstərərək Zakirlə həkim arasında yaranmış mübahisəyə müdaxilə edib.

Elşad xuliqanlıq niyyəti ilə 220 nömrəli otaqda sağ əlinin yumruğu ilə qəsdən bir dəfə Zakirin sifət nahiyəsinə zərbə vuraraq ona xəsarət yetirib.

Daha sonra Zakir kömək istəmək üçün otaqdan çıxaraq qaçmağa başlayıb. Bunu görən Elşad onun ardınca qaçaraq 2-ci mərtəbə ilə 1-ci mərtəbə arasındakı pilləkəndə onu saxlayıb.

Elşad hərəkətlərini davam etdirərək üzərində olan bıçağın tiyəsi və sağ əlinin dördüncü barmağındakı üzüklə Zakirin sifət və baş nahiyələrinə qəsdən bir neçə dəfə zərbə endirib.

Bundan başqa, Elşad istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədilə külli miqdarda, ümumi təmiz çəkisi 3,297 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib. O, həmin maddəni satış məqsədilə 0,733 qram, 0,669 qram, 0,454 qram, 0,853 qram və 0,588 qram olmaqla hissələrə bölərək satışa hazır vəziyyətə gətirib.

Qeyd olunan psixotrop maddəni üzərində daşıyıb. 2025-ci il avqustun 2-də, saat 10:40-da Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb.

Elşada Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə, zərərçəkmiş şəxsə zor tətbiq olunması və ya özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunan xuliqanlıq) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan olunub.

İş üzrə ifadə verən Elşad ittiham üzrə özünü təqsirli bilməyib. O, yalnız Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə özünü təqsirli hesab edib.

Elşad ifadəsində göstərib ki, hadisə günü başı ağrıdığı üçün həkimin dərman yazması məqsədilə xəstəxanaya gedib:

"Xəstəxanada həkimin yanında olduğum zaman tanımadığım bir nəfər həkimin yanına gələrək ondan tibbi kağız istədi. Həkim həmin sənədi verməyəndə nalayiq ifadələr işlətdi. Mən də həmin şəxsi əlimlə vurdum. Bu zaman barmağımdakı üzük ona dəydi. Həmin vaxt üzərimdə bıçaq olmayıb. Onu vurduqdan sonra getmişəm. Sonra polis əməkdaşları gəlib məni şöbəyə apardılar. İki gün şöbədə saxlanıldım. Daha sonra prokurorun yanına aparıldım və iki gün sonra məni azadlığa buraxdılar."

Təqsirləndirilən şəxs bildirib ki, narkotik vasitədən istifadə etməyib:

"Ancaq psixotrop təsirli dərmanlardan istifadə etmişəm. Həmin dərmanları həkimin resepti ilə almışam. Psixoloji vəziyyətim yaxşı deyil. Hərbi xidmət zamanı ağır xəsarətlər almışam."

Elşad ifadəsinin sonunda zərərçəkmiş Zakirlə barışdığını bildirib. O, barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə bəraət hökmü çıxarılmasını, 128-ci maddə ilə isə yüngül cəza verilməsini xahiş edib.

İş üzrə zərərçəkmiş Zakir ifadəsində göstərib ki, hadisə günü əl barmağındakı problemlə əlaqədar Gəncə şəhərindəki Abbas Səhhət adına xəstəxanaya gedib:

"Həkimlər məni davamlı olaraq bir yerdən başqa yerə göndərirdilər. Həkimlərdən birinə 'Bunların başı xarab olub? Məni niyə gah ora, gah bura göndərirlər?' dedim. Bu sözlərimə görə Elşadla aramızda mübahisə yarandı. Elşad mənə heç bir irad bildirmədən qəfil hücum etdi. Arxamca düşərək mənə xəsarət yetirdi. Xəstəxananın içərisində baş nahiyəmdən iki dəfə vurdu. Elşad məni əli ilə yox, bıçaqla vurub. Lakin məni bıçağın kəsici-deşici, yoxsa küt hissəsi ilə vurduğunu görməmişəm."

Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Elşad 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyənləşdirilib. Həmçinin təqsirləndirilən şəxsin ərazi narkoloji kabinetində qeydiyyata alınmasına qərar verilib.

Qeyd edək ki, oxşar hadisə iyulun 7-də də baş verib. Gəncədə poliklinikada insident yaşanıb, vətəndaş tibb müəssisəsini yandırmağa cəhd göstərib.

Hadisə iyulun 7-də saat 12:50-də Akademik Zülfüqar Məmmədov adına Xəstəxananın Poliklinika şöbəsində qeydə alınıb.

İlkin məlumata görə, təyin olunmuş limitdən artıq narkotik tərkibli dərman tələb edən vətəndaş həkimlə mübahisə edib, daha sonra üzərində gətirdiyi tezalışan mayedən istifadə edərək poliklinika şöbəsində yanğın törətməyə cəhd göstərib.

Məlumata görə, vətəndaş nevroloq həkimlə mübahisə etdikdən sonra yanğın törətmək istəyib.

Hadisənin qarşısı vaxtında alınıb, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisəni törədən şəxsin Vətən müharibəsi iştirakçısı, qazi olduğu bildirilir.

Fariz Məlikli

D
demokrat.az