Sosial Özəl

Xəzərdə boğulma səbəblərindən biri budur — Professor

Xəzərdə boğulma səbəblərindən biri budur — Professor

Yay mövsümünün gəlişi ilə insanlar istirahət üçün daha çox açıq çimərliklərə üz tutur. Lakin hər il çimərlik mövsümündə təhlükəsizlik, sanitar vəziyyət, nəzarətsiz ərazilərdə çimmək və boğulma halları ilə bağlı narahatlıqlar da gündəmə gəlir. Rəsmi çimərliklərlə yanaşı, istifadəyə yararsız və nəzarətsiz ərazilərə üz tutanların sayı da az deyil. Bu isə vətəndaşların təhlükəsizliyi və sağlamlığı ilə bağlı bir sıra risklər yaradır.

Açıq çimərliklərdə ən çox rast gəlinən təhlükələr hansılardır? Vətəndaşlar təhlükəsiz çimərlik seçərkən hansı məqamlara diqqət yetirməlidirlər?

Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən tibb elmləri doktoru, professor Adil Qeybulla çimərlik üçün ayrılmış ərazilərin, istər dövlət nəzarətində, istərsə də özəl sektora məxsus olsun mütləq texniki və sanitar baxışdan keçirilməli olduğunu bildirib.

Xəzərdə boğulma səbəblərindən biri budur — Professor

Professor sanitar baxış zamanı suyun koli-titr və koli-indeksinin yoxlanılmalı olduğunu, bağırsaq çöplərinin mövcudluğu, həmçinin müxtəlif mikroflora araşdırılmalarının vacibliyindən bəhs edib:

“Çünki suda rotavirus, enterovirus və digər viruslar ola bilər. Hepatit A kimi bəzi infeksiyalar da su vasitəsilə yayıldığından, bütün bunlar yoxlanılmalı və çimərliklərə mütləq sanitar-gigiyenik rəy verilməlidir. Digər vacib məsələ isə texniki standartlardır. Buraya çimərlik dibinin yoxlanılması daxildir. Təəssüf ki, yayılan məlumatlara görə, Xəzər dənizinin bəzi hissələrinin dibində yarğanlar əmələ gəlib və bəzən boğulma hallarının əsas səbəblərindən biri də məhz budur. Bundan başqa, dənizin dibində heyvan qalıqları, metal əşyalar və digər bərk tullantılar sahilə toplanır. Buna görə də həmin ərazilərin mütəmadi təmizlənməsi vacibdir. Yəni çimərliklər həm texniki, həm də sanitar-gigiyenik baxımdan istifadəyə hazırlanmalıdır. Çimərliklərdə müəyyən qaydalara da əməl olunmalıdır. Məsələn, hər kvadratmetrə düşən insan sayı nəzərə alınmalıdır. Çünki insanların özündən göbələk və digər xəstəliklər sıx təmas zamanı, o cümlədən su vasitəsilə başqalarına keçə bilər”.

Adil Qeybulla qeyd edib ki, bunlarla yanaşı əsas məsələlərdən biri də günəş şüalarından qorunmaqdır:

“Günvurma, istivurma və günəş yanıqlarının qarşısını almaq üçün insanların günəş çətirləri altında və ya kölgədə qalması, baş örtüyündən istifadə etməsi, günəşdən qoruyucu kremlər çəkməsi tövsiyə olunur. Günəş vannası qəbul edərkən maksimum diqqətli olmaq və uzun müddət birbaşa günəş altında qalmaq məsləhət görülmür. İstivurma və ya günvurma baş verdikdə isə şəxs dərhal sərin yerə aparılmalı, başına yaş dəsmal qoyulmalı, bədəni yaş dəsmalla silinməli və bədən temperaturunun normaya salınmasına çalışılmalıdır. Bundan sonra isə mütləq həkim çağırılmalıdır. Ümumilikdə, çimərliklər bu qaydada hazırlanmalıdır. Dünyanın bir çox ölkəsində özəl çimərliklər məhz bu standartlara uyğun fəaliyyət göstərir. Hətta okean sahillərində köpək balıqlarının və digər dəniz canlılarının insanlara zərər verməsinin qarşısını almaq üçün xüsusi təhlükəsizlik tədbirləri görülür. Yəni hər bir çimərliyin öz qaydaları var və həmin qaydalara uyğun tədbirlər həyata keçirilməlidir”.

Fidan Hacızadə

D
demokrat.az