Artıq uzun illərdir ki, ölkədə yaranan tıxacların əsas səbəbləri ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəzi ekspertlər problemi avtomobillərin sayının həddindən artıq artması ilə əlaqələndirsələr də, sosial şəbəkələrdə yayılan son statistik göstəricilər fərqli mənzərə ortaya qoyur.
Yayılan məlumata görə, region ölkələrində hər min nəfərə düşən minik avtomobillərinin sayı müqayisə edilib və nəticələr Azərbaycanda avtomobilləşmə səviyyəsinin qonşu dövlətlərlə müqayisədə xeyli aşağı olduğunu göstərir. İddialara əsasən, regionda hər min nəfərə düşən avtomobil sayına görə lider Gürcüstandır. Bu ölkədə hər min nəfərə 414 minik avtomobili düşür. Sonrakı yerlərdə Türkiyə (390 avtomobil) və Rusiya (364 avtomobil) qərarlaşıb.
Azərbaycan isə hər min nəfərə düşən 169 avtomobil göstəricisi ilə siyahıda yalnız Türkmənistanı (120 avtomobil) qabaqlayır. Müqayisə üçün qeyd edək ki, Ermənistanda bu göstərici 303, Gürcüstanda isə 414 avtomobildir. Beləliklə, statistik rəqəmlər Azərbaycanda avtomobilləşmə səviyyəsinin regionun bir sıra ölkələrindən əhəmiyyətli dərəcədə aşağı olduğunu göstərir.
Azərbaycanda hər min nəfərə düşən avtomobil sayı region ölkələri ilə müqayisədə aşağı olduğu halda, tıxacların əsas səbəbini nə ilə izah etmək olar?
Demokrat.az-a açıqlama verən nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, Azərbaycan avtomobilləşmiş ölkə sayılmır:
“Çünki 10 milyonluq əhalisi var və heç 2 milyon ümumi nəqliyyat vasitəsi də yoxdur. Burada söhbət təkcə minik avtomobillərindən getmir, ümumilikdə bütün nəqliyyat vasitələrindən gedir. Bu nisbətə baxanda, avtomobil sayının çox olduğunu demək düzgün deyil. Amma məsələ kifayət qədər mürəkkəbdir. Yəni bunun tək səbəbi yoxdur, bir neçə amil rol oynayır.
Birincisi, yenə də miqrasiya məsələsidir. Yəni bütün ölkənin bir şəhərə cəmləşməsidir. Digər tərəfdən, şəhərdə yol hərəkətinin təşkili, bəzi qaydalarla bağlı düzgün olmayan nizamlamalar və nəqliyyat axınının intensivliyi də öz təsirini göstərir. Hazırda bu istiqamətdə müəyyən dəyişikliklər aparılır”.
Ekspert əlavə edib ki, ictimai nəqliyyat da burada çox vacib amildir:
“O, şəxsi avtomobilə alternativ olmalıdır. Amma bizdə ictimai nəqliyyat hələ ki, bu yükü tam öz üzərinə götürə bilmir. Bu gün avtomobili olan hər hansı bir sürücü ondan imtina etmək istəsə, bunun üçün elə də böyük imkanı yoxdur. Çünki ictimai nəqliyyat onsuz da kifayət qədər yüklənib. Məsələn, Norveçi götürək. Əhalisinin sayı baxımından bizə yaxındır. Bu ölkə demək olar ki, tam avtomobilləşib. Yəni insanların imkanlarını da nəzərə alsaq, faktiki olaraq hər nəfərə bir avtomobil düşür. Amma onlar hər gün həmin nəqliyyat vasitəsindən istifadə etmirlər. Bizdə isə avtomobili olan insanların demək olar ki, hamısı hər gün ondan istifadə etməyə məcburdur. Çünki marşrut, qatar, metro və ya avtobusdan yararlanmaq imkanları məhduddur. Onsuz da bu nəqliyyat vasitələri tam dolu olur. Həmin ölkələrdə insanlar daha çox ictimai nəqliyyata üstünlük verirlər. Çünki bu, onlar üçün həm rahatdır, həm də iqtisadi baxımdan sərfəlidir. Əsas amillərdən biri də məhz ictimai nəqliyyatın vəziyyətidir. Bu istiqamətdə islahatlar aparılır, müəyyən addımlar atılır. Amma buna baxmayaraq, Bakının yükü hələ də çoxdur. Burada regionlarda iş yerlərinin az olması da əsas səbəblərdəndir. İnsanlar iş dalınca Bakıya üz tuturlar. Regionlar inkişaf etmədikcə, bu problemi həll etmək mümkün olmayacaq”.


