Pankreas xərçəngi(mədəaltı vəzi xərçəngi) ilə mübarizə aparan tanınmış türkiyəli aktrisa Gül Onatın sosial şəbəkədə etdiyi son paylaşım pərəstişkarlarını kövrəldib. "Sihirli Annem" serialında canlandırdığı Perihan xala obrazı ilə tanınan sənətçi kimyaterapiya prosesi səbəbindən saçlarını qırxdırmaq məcburiyyətində qalıb.
Uzun müddətdir müalicə alan Gül Onat yaxın dostu və həmkarı Ayhan Kavas ilə çəkilmiş fotosunu sosial media hesabında paylaşıb. O, paylaşımına "Can dostum və keçəl mən" sözlərini əlavə edərək, yaşadığı çətin günlərə baxmayaraq yumor hissini və həyata bağlılığını qoruduğunu nümayiş etdirib.
Aktrisa daha əvvəl açıqlamasında xəstəliyinin 2023-cü ildə başladığını, pankreas xərçəngi diaqnozu qoyulduqdan sonra bir neçə ağır əməliyyat keçirdiyini bildirmişdi. Onun sözlərinə görə, kimyaterapiya və şüa terapiyasından sonra xəstəlik bağırsaqlarına da yayılıb və yenidən mürəkkəb əməliyyatlar keçirib.
Gül Onat bütün çətinliklərə baxmayaraq müalicəsini davam etdirdiyini və ümidini itirmədiyini bildirib. Onun son paylaşımı sosial şəbəkələrdə geniş rezonans doğurub, minlərlə istifadəçi sənətçiyə dəstək ifadə edərək tezliklə sağalmasını arzulayıb.



